Mirzə Ələkbər Sabir yaradıcılığı və müasirlik

Gündəm / Mədəniyyət
17-02-2022, 11:37


Azərbaycan ədəbiyyati tarixində özünəməxsus yer tutan,Azərbaycan mədəniyyəti və ictimaiyyətinin bədii və ictimai fikrin foralaşmasında mustəsna rolu olan  böyük ədəbi simalardan biri də M.Ə.Sabirdir.
 
Böyük Azərbaycan şairi M.Ə.Sabir nəinki dövrünün, hətta  bu gün də sevilə-sevilə xatırlanan,oxunan,araşdırılmasına ehtiyac duyulan və haqqında gözəl fikirlər söylənilən dahi,ümumbəşəri  satirik bir şairdir.Onu oxuculara sevdirən poeziyasındakı yüksək ümumbəşəri ideyalar uğrunda vuruşması,satirik yaradıcılığı, vətən və ümumxalq məhəbbətidir.

Tədqiqatlar göstərir ki, M.Ə.Sabir "Molla Nəsrəddin”çilər sinfinə mənsub olan ən qabaqcıl satirik şairlərdən biri, bəlkə də birincisidir.
Sabir dövrünün ən qabaqcıl,kəskin satirik şairlərindən biri olub,öz dövrünün haqsızlıqlarına dözməyən,dövrünün eybəcərliklərini kəskin qələmə alan, xalqı oyanışa səsləyən şair olmuşdur. Sabirin yaradıcılığı öz dövrünün  yazarlarina çox böyük müsbət təsir göstərmiş və həmin dövrün yazarlarının,
” Molla Nəsrəddin”çilərin ətrafina toplanmasına nəinki təkan  vermiş, hətta onlarin bir şəxsiyyət,"Molla Nəsrəddin”çi şair kimi formalaşmasında, tanınmasında müstəsna rol oynamışdır. 

abir sanki xalqın, kütlənin maarifləndirilməsini öz öhdəsinə götürmüşdü.Qaragüruhçu qüvvələrin qarşısında çıxış etmək, onları maarifləndirmək, onların gözünü açmaq elə də asan məsələ  deyildir. Qorxmaz, mübariz şair hər şeyi gozünün qarşısına alaraq, hətta ölümün belə gözünə dik baxaraq dayanmadan satiralar yazır ki, heç olmasa bu yatmış xalqı oyatsın.”Molla Nəsrəddin”çilər deyəndə ki,qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir”,Sabir də buna cavab olaraq deyir: 
                                        ”Kim ki insanı sevər,aşiqi hürriyyət olur,
                                        Bəli,hürriyyət olan yerdə də insanlıq olur.”

M.Ə.Sabirin qələm  silahdaşları, əməl dostları Ə.Haqverdiyev, Ə.Qəmküsar, Ö.F.Nemanzadə, Ə.Nəzmi və başqaları da daim Sabir kimi ön cəbhədə olmuş və bütün qüvvələrini xalqın maariflənməsinə, oyanışına sərf etmişlər.
Sabir  avamlığa, nadanlığa  qarşı mübarizə aparır, "Qorxuram” satirasında fikirlərini belə ifadə edir:
                               
                                   "Mənzil olur gah mənə viranələr,-
                                  Cin görürəm,can görürəm, qorxmuram.

                                  Leyk, bu qorxmazlıq ilə, doğrusu,
                                  Ay dadaş, vallahi, billahi,tallahi,
                                  Harda müsəlman görürəm ,qorxuram!..”

Dahi şair  Sabir   demək istəyir ki, avam, savadsız xalq dindarların əlində alət olduğu  üçün cindən, şeytandan  qorxmuram, müsəlmanların savadsızlığından ,törədəcəyi bəlalardan  ehtiyatlı olmağı və qorxduğunu avam insanların öz dili ilə deyir.
M.Ə.Sabirin böyük satirik, mütəfəkkir şair kimi yetişməsində,onun mütərəqqi dünyagörüşü və poetirk üslubunun formalaşmasında  "Molla Nəsrəddin " jurnalının xüsusi  rolu olmuşdur. 
 "Molla Nəsrəddin” M.Ə.Sabir yaradıcılığına zəngin material vermiş, jurnalın aparıcı şəxsiyyətlərindən biri olmuşdur.   "Molla Nəsrəddin” ideyalarının qüvvətlənməsində, digər məsələlərin qoyuluşu və həllində ,mübariz mövqe tutmasında M.Ə.Sabirin xidmətləri böyükdür.
M.Ə.Sabiri həmfikirlərindən fərqləndirən cəhətlərindən biri də onun mövzu seçimində  üstünlüyü idi. Sabir adətən oxucuya aşılamaq istədiyi ideyanı qabarıq şəkildə əks etdirən hadisələri satirasına mövzu seçir. Professor C.Xəndan M.Ə.Sabir haqqında yazır:"-Şairin nə qədər satirası varsa,bir o qədər də mövzusu var. ”Professor C.Xəndanın bu fikirlərində böyük həqiqət   vardır.
Sabir mühüm hadisələrdən başlamiş, kiçik məişət hadisələrinə qədər hər şeydən yazıb.Onun toxunmadığı bir sahə, fikir bildirmədiyi bir obyekt qalmamışdir. Həm də Sabir öz fikirlərini bədii boyalarla zəngin ifadələrlə, obrazın öz dili ilə ,yüksək sənətkarlıqla ifadə edərək məqsədinə çatmaq üçün bütün bədii vasitələrə əl ataraq fikirlərini kəskin şəkildə ifadə etməyi bacarmışdır.

                                                Şairəm, çünki vəzifəm budur əşar yazım,
                                               Gödüyüm nikü  bədi eyləyim izhar, yazım,
                                               Günü parlaq ,günüzü ağ, gecəni tar yazım,
                                                Pisi pis, əyrini əyri, düzü həm var yazım,
                                                Niyə bəs böylə bərəldirsən, a qare, gözünü,
                                                Yoxsa bu ayinədə əyri görürsən özünü?”
 
M.Ə.Sabirin satiraları,ümumiyyətlə, onun yaradıcılığı insan həyatı üçün bir güzgüdür.Onun yaradıcılığına baş vuran hər kəs o güzgüdə özünü görməlidir.Yuxarida qeyd etdiyim bir parça şeirdə də şair qeyd edir ki,mənim vəzifəm şeir yazmaqdır ,gördüklərimi olduğu kimi düzü düz, əyrini əyri, pisi pis, gecəni də olduğu kimi qaranlıq yazıram,həyatda nə baş verirsə həmin hadisələri satiralarımda olduğu kimi işiqlandırıram.Şair oxucuya müraciət edərək bildirir ki,mənim yazım bir güzgüdür ,oxucu bu güzgüyə baxsın və səhvlərini ,çatışmazlıqlarını düzəltsin.Sabir oxucusuna xitabən deyir ki, mənim satiralarımı oxuyanda niyə əsəbiləşib güzgünü sındırırsan ,sən öz eyiblərini düzəltməlisən, özünü islah etməlisən, güzgünü sındırmaqla hec nə düzələn və ya dəyişən deyil.

Sabir satiralarının əksəriyyətində tipləri danışdırmaq ,onları öz sözü,öz dili ilə səciyyələndirmək yolu ilə gedir.Obrazların daxili aləmini şair sənət güzgüsündə əks etdirmək üçün dialoq və monoloqlardan məharətlə istifadə etmişdir.Ziyalı,tacir,fəhlə,ruhani ,mülkədar və kapitalistin özünü canlandırmaq və bu üsulla onların xarakterini açmaq Sabir yaradıcılığında  ən çox səciyyələnmə üsullarından biridir.Bu səciyyəvi xüsusiyyətlər "Millət necə tarac olur olsun …”satirasında çox aydın şəkildə özünü göstərir.   
 
                                             "Qoy mən tox olum,özgələr ilə nədir karim,
                                             Dünyavü cahan ac olur olsun,nə işim var?! "

Bu misralardan aydın görünür ki  cəmiyyətdə yalnız maddi gücünə arxalananlar  özlərini düşünür, həyatda özlərinin rahat yaşamaları üçün, sağlam olmaları üçün istənilən addımı atır və ehtiyac içində yaşayanları insan yerinə qoymurlar.
"Bizə nə?!”,”Əkinçi”,"Ağlama","Dilənçi”,"Qəm yemə" kimi satiralarında şair fikirlərini  çox rəngarəng boyalarla və aydın  ifadə etmişdir. Bu satiraları oxuyan hər bir kəs ola bilməz ki, hər hansı bir müsbət nəticə əldə etməsin və qəflət yuxusundan oyanmasın.Əsl satira heç vaxt idealsız, nəticəsiz yaşaya bilməz.Satira o vaxt güclü olur ki, şərə qarşı hücüm qalibiyyətlə  nəticələnsin.
Sabirin  satirası yalnız köhnəni inkar etmir,həm də insanı işiqlı yola mübarizəyə səsləyən bir sənət əsəridir. Sabirin fikrincə ümidsizlik, bədbinlik, insanın düşmənidir.İnsan öz hüququnu dərk etməli ,şərəfini, ləyaqətini qorumalı və işiqlı gələcəyini düşünməlidir.
Sabirin poeziyasındakı obrazlı qəhrəmanlar cəmiyyətin eybəcərliklərinə qarşı mübarizə aparırlar
 
                                                 "Bəlayi- fəqrə düşdün, razı ol, biçarə,səbr eylə !
                                                  Üzün oldusa gər külfət yanında qarə ,səbr eylə !...

Əzil, pamal ol, axtarma buna çarə, sebr eylə!,  və ya çaliş ək ,biç, aparsın bəy, evin qalsin dəyirman tək,” kimi sətirlərdə hər kəlmənin,bizə adi gələn her ifadənin  dərin, ciddi, inqilabi məzmunu vardir. Burada dərin kinayə,öldürücü istehza, sərt qəzəb duyulur.Bunu oxuyan,eşidən hər kəs qəflətdən oyanmalidir.
Sabirin yaradcılığı mövzu cəhətdən cox zəngindir.Azərbaycan şeir tarixində yüksək, dolğun həyatı  məzmun uğrunda ilk ardıcıl, mübariz Sabir olmuşdur. Sabir klassik Azərbaycan ədəbiyyatı tarixində yüksək dərəcədə demokratik mahiyyət daşımasina nail olan nadir sənətkarlardandır.İctimai həyatdakı mövqelərindən və hadisələrə münasibətindən asılı olaraq insanların mənəvi aləmi, arzuları təsəvvürlərində müxtəlifdir.Sabirin qəhrəmanları bütün zahiri görkəmləri və mənəvi xüsusiyyətləri ilə oxucu qarşısında canlanır.Şair bu insanların hərəsini özünəməxsus bir dildə danışdırır.Odur ki,burada insan əhval-ruhiyyəsinin müxtəlif formaları təzahür edir. Məsələn, biri gülünc vəziyyətə düşür ,biri hədələyir, biri şikayət edir ve sair. Odur ki, bu minvalla hərə bir cür halda cəmiyyətdə öz yerini tutur.
Sabir zəhmətkeş insanları da çox sevir,onların zəhmətini yüksək qiymətləndirərək "Cütcü şeirində zəhmətsevər insanlara qarşı fikrini belə ifadə edir: 

                                        "Cütcü batıb qan- tərə yer şumlayır,
                                          Şumladığı  tarlaları   tumlayır.
                                          Olsa da artıq nə qədər zəhməti
                                          İşləməyə var o qədər qeyrəti;
                                          Çünki bilir rahət əziyyətdədir,
                                          Şad yaşamaq səydə,qeyrətdədir;”

Sabir bu misralarla rahat,şad yaşamağın yolunu yalnız zəhmətdə,əziyyət çəkməkdə,heç kimə boyun əyməməkdə görür və bununla da insanlara zəhmətsevər olmağı,halal zəhmətlə yaşayaraq ömür sürməyi tövsiyə edir.
M.Ə.Sabir cəmiyyətimizi düşündürür, hər zaman sevilə-sevilə oxunacaq və  oxunduqca cəmiyyətə  gorünməyən tərəfləri aşkar olunacaqdir.
Tədqiqatlardan əldə olunan nəticə budur ki, M.Ə.Sabir  əbədiyaşar  şairdir, onun irsi bu gün də öyrənilir, illər keçsə       də onun satiraları, ümumiyyətlə, yaradıcılığı həmişə öz aktualliğını qoruyub saxlayacaqdır.

ADPU-nun Cəlilabad filialının             
müəllimi: Şahin Cəbrayılov
16.02.2022