Bu sənədlərinizi heç kimə etibar etməyin!
Gündəm / Sosial
21-10-2023, 15:45

"Vətəndaşların adlarına açılan hüquqi şəxsin təsis sənədlərini və elektron imzalarını heç kimə verməməsi məsləhətdir”.
Bunu XeberEkspress-ə vəkil Misirə Xəlilzadə deyib.
Onun sözlərinə görə, dələduzluq hallarının baş verməməsi üçün hüquqi şəxsin təsis olunması proseduruna ciddi nəzarət edilir. "Vətəndaşlar təkcə "elektron imza” və ya "ASAN imza”nı başqalarına etibar etdikdə hüquqi şəxs olan təsisçisinin, direktorun adından qanunsuz əməllərin törədilməsi qaçılmaz olur. Belə hallarda vətəndaşın şikayətindən sonra prokurorun təşəbbüsü ilə cinayət işi başlana bilər. Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq) və 213-cü (Vergi ödəməkdən yayınma), 213.1 (Aksiz vergisini ödəməkdən yayınma) maddələri üzrə vergi cinayətlərinin ibtidai araşdırması və əməliyyat-axtarış tədbirləri Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən aparılır. Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir.
Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir.
İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi həyata keçirilən maddələrdən başqa digər maddələr üzrə cinayət təqibi ictimai ittiham qaydasında aparılır. İctimai ittiham qaydasında cinayət təqibi isə zərərçəkmişin şikayəti olmadan da başlanıla bilər", - deyə əlavə edib.
XeberEkspress.az