18 oktyabr Müstəqilliyin Bərpası Günü, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür
Gündəm / Sosial
18-10-2025, 17:18

Tarixi iradənin, milli birliyin və dövlətçilik ruhunun təntənəsi.
Burdan başlamaq istəyirəm ki, xalqımız üçün 18 oktyabr sadəcə bir tarixi gün deyil, eyni zamanda xalqımızın yüzillik arzularının, azadlıq idealının, milli qürur və suverenlik düşüncəsinin rəmzi kimi yaddaşa həkk olunmuşdur. Bəli,1991-ci il 18 oktyabr ayında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə xalqımız əsarət zəncirlərini qırdı və öz milli dövlətini bərpa etdi. Qürurverici hal odur ki, bu tarixi qərar xalqımızın əzmini, sarsılmaz ruhunu və dövlətçilik ənənələrinə sədaqətini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın müstəqillik ideyası XX əsrin əvvəllərində, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti ilə öz real ifadəsini tapmışdı. O dövrdə Şərqdə ilk demokratik respublika kimi formalaşan bu dövlət qısa müddət yaşasa da, xalqımızın azadlıq ruhunu sönməz alova çevirdi. 70 illik sovet hakimiyyətindən sonra 1991-ci ilin 18 oktyabrında həmin ideyalar yenidən dirçəldi, lakin bu dəfə daha möhkəm təməllər üzərində quruldu.Azərbaycan müstəqilliyini əldə etməklə yanaşı, onu qorumaq, gücləndirmək və əbədi etmək kimi çətin və şərəfli bir yol keçdi. 1990-cı illərin əvvəllərində ölkəmiz siyasi xaos, separatizm və xarici təhdidlər qarşısında dayanmışdı. Lakin Ümummilli Lider Heydər Əliyevin qədirbilən xalqının təkidli çağırışı ilə hakimiyyətə qayıdışı ilə bu təlatümlərə son qoyuldu, dövlətçilik dayaqları möhkəmləndirildi, müstəqillik ideyası praktik dövlət siyasətinə çevrildi. Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi təkcə siyasi status deyil, həm də iqtisadi güc, diplomatik nüfuz və regional liderlik reallığı kimi bərqərar olmuşdur. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, azad iqtisadi modeli və dayanıqlı inkişaf strategiyası müstəqilliyin qorunmasının ən etibarlı təminatına çevrilmişdir. 44 günlük Vətən müharibəsi müstəqilliyimizin məzmununu daha da dərinləşdirir desəm, yanılmaram. Azərbaycan xalqı və ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi ədaləti bərpa etdi, suverenliyimizi tam təmin etdi. Bəli Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi müstəqilliyin bərpası prosesini tamamlayan ən böyük milli qələbə kimi tarixə düşdü. Müstəqillik təkcə siyasi sərhədlərlə ölçülmür. O, xalqın öz milli kimliyinə, dilinə, mədəniyyətinə, tarix və dəyərlərinə sahib çıxması deməkdir. Görünən dağa bələdçi gərək deyil, Azərbaycan bu gün təkcə iqtisadi cəhətdən güclü dövlət deyil, həm də mənəvi baxımdan bütöv, milli ideallarına sadiq bir xalqın dövlətidir. Beləliklə 18 oktyabr, Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. 18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü olaraq, bu gün bizi birləşdirən, gələcəyə inamla baxmağa vadar edən milli ruhun bayramıdır. Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 May Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Məhz Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Artıq baş vermiş tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili qarşıdurmalar, xaos digər tərəfdən də ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Əsası ulu öndər Heydər Əliyev tərəfindən uğurla qoyulan Müstəqilliyimiz və bu siyasəti inkişaf etdirərək, dövrə və zamana uyğun davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən tam təmin olunan Suverenliyimiz əbədi, bayrağımız daim zirvədə, dövlətçiliyimiz isə sarsılmaz olsun! Elə buna görə də 18 oktyabr Müstəqilliyin Bərpası Günü, hər bir azərbaycanlının qürur mənbəyi olan bir gündür.
Vüqar MƏMMƏDOV
Yeni Azərbaycan Partiyası
Saatlı rayonu 15 saylı ƏPT-n sədri