Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu dövlət dili siyasətini müasir dövrün tələblərinə uyğun formatda uğurla inkişaf etdirir
Sosial
1-08-2025, 18:18

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev müasir müstəqil Azərbaycanın bütün sahələrdə dinamik inkişafını təmin etmək məqsədilə fəaliyyətə başladığı ilk gündən qətiyyətli və məqsədyönlü siyasət yürütmüşdür.
Cənab Prezidentin həyata keçirdiyi uğurlu islahatlar, müdrik qərarlar və uzaqgörən siyasət nəticəsində ölkəmizdə sabitlik bərqərar olmuş, yeni nəfəs, yeni inkişaf mərhələsi başlanmışdır. Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev üçün hər zaman prioritet məsələ insan amili olmuşdur.
Məhz bu yanaşma onun siyasətinin əsasını təşkil edir. Xalqının rifahı, dövlətin güclənməsi və milli dəyərlərin qorunması uğrunda apardığı qətiyyətli mübarizə nəticəsində Prezident İlham Əliyev hər bir azərbaycanlının prezidenti kimi qəlblərdə özünə taxt qurmuşdur.
Müasir Azərbaycan dövlətçiliyinin bütün istiqamətlərdə inkişafını təmin edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dil siyasətini də uğurla davam etdirir. Ana dilimizin dövlət dili kimi işləkliyinin təmin olunması üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Azərbaycan dilinin geniş tətbiqi, onun beynəlxalq səviyyədə nüfuzunun artması dövlətimizin başçısının bu sahədə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.2004-cü il yanvarın 12-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam bu sahədə atılmış ilk mühüm addımlardan biri olmuşdur. Deyərdim ki, həmin sərəncamla dil siyasətində yeni mərhələnin əsası qoyulmuşdur.Xüsusi qeyd olunmalıdır ki, 2018-ci il noyabrın 1-də Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalamışdır.
Bu mühüm sənəd dövlət dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində yeni prioritetləri müəyyən etmiş və Heydər Əliyevin əsasını qoyduğu dil siyasətinin sistemli şəkildə davam etdirilməsinin təminatı olmuşdur. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra, ana dilimizin inkişafı və dövlət dili kimi möhkəmlənməsi istiqamətində ardıcıl və əhəmiyyətli addımlar atmışdır. Məhz bu diqqət və qayğının nəticəsidir ki, dilimiz zaman-zaman üzləşdiyi çətinliklərə baxmayaraq, bu gün öz saflığını və gücünü qoruyub saxlamışdır. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında modern, güclü və nüfuzlu dövlətə çevrilmişdir. Hər bir azərbaycanlı bu nailiyyətlərlə fəxr edir və əminliklə deyə bilər ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs müasir dövrün çağırışlarına cavab verəcək şəkildə uğurla davam etdirilir.Sonda qeyd etmək istərdim ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və milli kimliyimizin ayrılmaz hissəsi olan dövlət dili siyasəti bu gün də Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən biri olaraq daim diqqət mərkəzində saxlanılır və bu sahədə mühüm işlər görülür.
Vüqar MƏMMƏDOV.
Yeni Azərbaycan Partiyası 15 saylı ƏPT-n sədri