Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanı ölkəsinin sabit və yaxşı tərəfdaşı hesab edir.
TASS xəbər verir ki, Rusiya dövlət başçısı bu barədə Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunda çıxışı zamanı bildirib.
Rusiya Prezidenti deyib ki, Moskva ilə Bakı arasında enerji sektorunda yaxşı münasibətlər mövcuddur.
“Azərbaycan bir çox istiqamətlərdə, o cümlədən enerji sahəsində sabit, yaxşı tərəfdaşımızdır", - Putin deyib.
Putin vurğulayıb ki, Rusiya Azərbaycanla enerji və qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edir.
Onun sözlərinə görə, Rusiya Türkiyəyə 30 milyard kubmetrə qədər qaz tədarük edir ki, bu da Azərbaycanın tədarükündən xeyli çoxdur: “Ancaq özümüzü rəqib kimi hiss etmirik. Əksinə, əməkdaşlıq etməyə hazırıq”.
Putin hazırda Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını da qeyd edib.
“O cümlədən Azərbaycanla enerji, qaz sahəsində əməkdaşlığımızın genişləndirilməsi məsələlərini müzakirə edirik. Bir daha vurğulamaq istəyirəm ki, biz burada yaxşı perspektivlər görürük və bu birgə işə hazırıq", - Rusiya Prezidenti əlavə edib.