Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar

Fələstin dövlətinin başçısı Mahmud Abbas ötən gün Kiprin yunan hissəsinə, Kipr Respublikasına ikigünlük işgüzar səfər edib. O, səfər çərçivəsində Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis ilə görüşüb. Onların görüşündə ikitərəfli münasibətlərin inkişafı, yaxın Şərqdə vəziyyət və Qəzza zolağına humanitar yardımın dəstəklənməsi, Avropa İttifaqı ilə Fələstin arasında əlaqələr, Kipr məsələsinin tənzimlənməsi məsələləri müzakirə olunub.
Yeri gəlmişkən, Mahmud Abbas ilk dəfə deyil, yunan Kiprinə səfər edir. Bundan öncə o, 2009 və 2022-ci illərdə də orada işgüzar məqsədlə ziyarətdə olub. Nikos Xristodulidis 2023-cü il avqustun 2-də Ramallaha rəsmi səfər edib. Səfər zamanı Kipr Respublikası, Yunanıstan və Fələstinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsinə dair razılıq əldə edilmişdi. İkinci səfər isə 2025-ci il mayın 4-də reallaşıb.
Bu onu göstərir ki, Fələstin hakimiyyəti ilə adanın yunan hissəsi arasında isti əlaqələr mövcuddur. 2008-2013-cü illərdə hökumətlər arasında iqtisadiyyat, ticarət, texnoloji əməkdaşlıq, turizm və təhsil sahələrinə dair beş müqavilə imzalanıb.
2020-ci ildə iqtisadi və biznes sahələri üzrə sazişlər imzalanıb, ticarət dövriyyəsinin artırılması hədəflənib, 2021-ci ildə Fələstin və Kiprin xarici işlər nazirlikləri qadınların hüquq və imkanlarının genişləndirilməsi və başqa digər sosial-humanitar sahələr üzrə Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, Kipr–Yunanıstan–Fələstin arasında regional təhlükəsizlik və siyasi məsləhətləşmələr məqsədilə üçtərəfli sammitlərin keçirilməsinə dair razılaşmalar mövcuddur.
Bununla belə, Mahmud Abbasın, Fələstin dövlətinin Kipr Respublikası ilə münasibəti müəyyən mənada təzadlı sayılır. Çünki yunan dövləti Türkiyəyə və onun Kipr adasındakı, habelə Aralıq dənizinin şərqindəki maraqlarına qarşı çıxış edir.
Bu yerdə qeyd etmək yerinə düşər ki, yunan Kiprini tanımayan Türkiyə neçə ildir resurslarını Fələstinin müdafiəsinə səfərbər edib, İsraillə diplomatik qarşıdurma vəziyyətindədir. Bütün bunlara cavab olaraq Fələstin rəhbərinin Kiprin yunan hissəsinə səfərinin Ankarada ən azı təəccüblə qarşılanacağını gözləmək olardı. Amma hələlik Türkiyə rəsmilərinin heç birindən reaksiya yoxdur.
Qeyd edək ki, cümhuriyyətin bu bölgədə strateji maraqları enerji təhlükəsizliyi, milli suverenlik, su sərhədlərinin ədalətli bölgüsü və regional geosiyasi üstünlük üzərində qurulub. Ankara bu regiondakı hüquqlarını "Mavi Vətən" (Mavi Vatan) doktrinası çərçivəsində müdafiə edir. Bu günlərdə isə Liviya ilə Aralıq dənizi üzrə müqavilə imzalayıb.
Rəsmi Ankara Türkiyənin iştirakı olmadan reallaşan İsrail-Yunanıstan-Kipr Respublikası təbii qaz kəmərini, "EastMed" layihəsini maraqlarına təhdid sayır.
Habelə, adanın bu hissəsindəki respublika son illərdə Fransa ilə müdafiə, təhlükəsizlik və strateji tərəfdaşlıq sahəsində əməkdaşlığı inkişaf etdirir. 2026-cı il iyunun 8-də tərəflər arasında Qüvvələrin Statusu haqqında rəsmi Saziş (SOFA) imzalanıb. Bu sənəd fransız hərbi kontingentin Kipr Respublikası ərazisində yerləşdirilməsi və fəaliyyəti üçün rəsmi hüquq müəyyən edir. 2026-cı ilin avqustunda Fransa Yunanıstan və Kipr arasında enerji körpüsü layihəsinə rəsmən qoşulub.
Fransanın Kipr-Yunanıstan cütlüyü ilə əməkdaşlığı yunan respublikasının adadakı, regional mövqeyini gücləndirir. Bu isə perspektivdə Türkiyəyə və hədəflərinə maneə, təzyiq sayıla bilər.
İsrail və Kipr Respublikası arasında münasibətlər, xüsusilə təhlükəsizlik, müdafiə, energetika və regional əməkdaşlıq sahələrində fəal şəkildə inkişaf edir. Bir neçə gün öncə - oktyabrın 26-da isə İsrail və Kiprin müdafiə nazirlikləri 150 milyon avro məbləğində müqavilə imzalayıb. Bu sənəd çərçivəsində İsrailin "Israel Shipyards" şirkəti Kipr Hərbi Dəniz Qüvvələri üçün yeni okean patrul gəmisi (OPV) inşa edəcək və s.
2023-cü ilin martında Kipr Milli Qvardiyası ilə İsrail Müdafiə Ordusu (TSAXAL) arasında hərbi əməkdaşlıq üzrə ikitərəfli planlar imzalanıb.
İsraillə hərbi, texniki, iqtisadi və başqa istiqamətlərdə əlaqələrini inkişaf etdirən yunan Kipri ilə münasibətlərin qurulub genişlənməsinə İran İslam Respublikası da laqeyd deyil. Tərəflər arasında iqtisadi, ticarət, vergi və investisiya sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb.
Tehranla Nikosiya arasında diplomatik və hüquqi münasibətlər 1989-cu ildən qoyulub. 2014-cü ildə Kipr və İranın Ticarət Palataları arasında biznes dairələrinin əlaqələrini gücləndirmək, birgə forumlar təşkil etmək və ticarət dövriyyəsini artırmaq məqsədilə müqavilələr imzalanıb.
Sadaladıqlarımızla Kipr Respublikası-İsrail, Kipr Respublikası-Fransa, Kipr Respublikası-Fələstin, Kipr Respublikası-İran münasibətləri ilə bağlı mənzərəni yaratmaq istədik.
Dövlətlərarası əməkdaşlıq, əlaqələr, beynəlxalq hüquqa əsaslanan münasibətlər müharibələrdən, münaqişələrdən daha önəmlidir. Ancaq sərgilədiyimiz mənzərədə təzadlara da diqqət çəkmək istərdik. İran "İsrailə ölüm!" şüarı irəli sürür, ancaq Kipr bu yəhudi dövləti vasitəsi ilə hərbi qüdrətini artırır, energetika layihələrini reallaşmasında strateji tərəfdaşdır.
Türkiyənin maraqlarına dair bu respublikanın törətdiyi maneələrlə bağlı bəzi nümunələri qeyd etdik. Bunun siyahısını uzatmaq da olar.
Türkiyə və İranda Fələstinin təəssübünü çəkdiklərini iddia edənlər bu əlaqələri görməzdən gəlirlər.
Halbuki Mahmud Abbas Nikosiyada İsraillə münasibətlərin normallaşması ilə bağlı ismarış verib. O, İsraildə yeni hökumətinin formalaşdırılmasının sülh danışıqlarının bərpasına və tərəflər arasında siyasi dialoqa başlanmasına imkan verəcəyinə ümidvar olduğunu bildirib: "Biz artıq uzun illərdir sülhə nail olmaq və İsrail ilə Fələstinin təhlükəsizlik, sabitlik, sülh şəraitində yaşamasını təmin etmək üçün İsrailə əl uzadırıq". O əlavə edib ki, yəhudi dövlətində yeni hökumətinin formalaşmasından dərhal sonra danışıqların başlanmasına ümid edir.
Mahmud Abbas hər iki tərəflə yaxşı münasibətlərini qeyd edərək İsrailin gələcək yeni hökuməti ilə dialoqun bərpası üçün vasitəçi rol oynaması təklifi ilə yunan Kipri rəhbərliyinə müraciət edib.
Belə bir şəraitdə Türkiyə və İranda saxta Fələstin havadarlarının ara qarışdırması gülünc vəziyyət yaradır. Belələri Azərbaycanı İsraillə niyə müharibə etməməkdə qınayaraq süni müsəlman təəssübkeşliyi ilə özlərini ifşa ediblər.
Bu, hadisələr kimin-kim olduğunu isbatlayır, nümayiş etdirir. Azərbaycan Fələstinin müstəqilliyini tanıyır. Onunla siyasi-diplomatik, sosial, mədəni əlaqələri rəsmi şəkildə davam etdirir. İsraillə də münasibətləri yüksək səviyyədədir. Ona görə də, demək olar ki, Azərbaycan Fələstinlə İsrail arasında münasibətlərin normallaşmasına yardım etmək imkanlarına da malikdir. Bu vasitəçilik isə Kipr Respublikasının rolundan da faydalı ola bilər.
Azərbaycanı Fələstinə görə qınayanların nəzərinə onu da çatdırırıq ki, rəsmi Bakının Nikosiya ilə heç bir diplomatik, siyasi, iqtisadi və s. əlaqələri yoxdur.
Mahmud Abbasın Kiprin yunan hissəsinə səfəri isə Azərbaycanı ittiham edənlərin saxta müsəlman maskasının yırtılmasına təkan verdi.
Ona görə də Fələstin məsələsini islam dünyasının problemi kimi təqdim edərək məhdudlaşdırmaq, ona dini don geyindirmək siyasi korluqdur. Çünki Fələstin dövlətini Böyük Britaniya, İspaniya, Kanada da daxil olmaqla BMT-nin 193 üzvündən 150-si tanıyır. O zaman "müsəlmanlıq" adı ilə "qalmaqal" yaradıb mənasız, münasibətləri korlayan çıxışlar etmək yersiz, əsassız və Fələstin məsələsinin həllinə ziyanlıdır.
Məsələn, Qəzza zolağına humanitar yardım aparmaq istəyən "Mavi Mərmərə" gəmisi ilə bağlı aksiya uğursuzluğa uğradı. Həmin hadisədə İsrail hərbi dəniz qüvvələrinin hücumu nəticəsində 9 fəal həyatını itirdi. Yaxud Qəzza zolağına humanitar yardım aparan "Global Sumud Flotilla"nın cəhdi nəticə vermədi. Başqa bir nümunə, zolaqda HƏMAS siyasi-hərbi qruplaşması uzun illər həmin "müsəlman təəssübkeşləri" tərəfindən dəstəkləndi. Ancaq nəticə yenə fələstinlilərin xeyrinə olmadı. Belə məlum oldu ki, həmin qüvvələr Fələstin məsələsindən öz maraqlarını təmin etmək məqsədilə istifadə edirlər.
Ona görə də regional, qlobal münaqişələrin həllində dini amilləri qabartmaq daha çox ziyan verir. Belə hal konkret müsəlman dünyasında mübahisələrə səbəb olur. Fələstin məsələsində dindən alət kimi yararlananlar bu missiyaya xidmət edirlər.(Report)