Əziz seçicilər, doğma Gədəbəylilər!

Gündəm / Bölgə
5-02-2020, 20:48
 

Əziz seçicilər, doğma Gədəbəylilər!

Elmar Musayev 

Vətən sərhəddən başlayır!

Azərbaycanın qədim və əsrarəngiz torpağı olan Gədəbəy rayonu Azərbaycan elminə 7 akademik, 150elmlər doktoru - professor, 800 nəfərdən çox fəlsəfə doktoru bəxş etmiş, Qarabağ müharibəsinin ən çətin anlarında vətənin müdafiəsi naminə öz həyatlarını sipər edən 200 nəfərə qədər vətən oğlunu şəhid vermiş, 4 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyü mətin insanların yurdudur. Gədəbəy rayonu öz təbiəti, insanları ilə bütün sahələrdə ölkəmizin ən perspektivli və potensial vəd edən rayonlarındandır. Gədəbəy rayonu tarixi Azərbaycan torpaqlarında yaradılmış indiki Ermənistan adlanan ölkə ilə sərhəddə yerləşir.

 "Vətən Gədəbəydən başlayır”!

Əziz seçicilər, doğma Gədəbəylilər!

Mən Musayev Elmar Yusif oğlu 16 iyul 1982-ci ildə Gədəbəy rayonunun Əlinağılar kəndində anadan olmuşam. Əlinağılar kənd orta məktəbində 1989-2000-ci illərdə orta təhsil almış, məktəbi əla qiymətlərlə bitirmişəm. Azərbaycan Respublikasının ordu sıralarında 2000-2002-ci illərdə həqiqi hərbi xidmət keçmiş, 2003-2004-cü illərdə Rusiya Federasiyasında fərdi sahibkarlıqla məşğul olmuş, 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 2011-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişəm. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə və müsahibədən keçərək 2013-cü ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət qulluğuna qəbul olunmuşam. Hazırda həmin qurumda çalışıram.

Əziz seçicilər, doğma Gədəbəylilər!


 Doğma Gədəbəyin abad olması və çiçəklənməsi naminə birlikdə görəcəyimiz işlər çoxdur. Xüsusilə insanların həyat şəraitinin, rifah səviyyəsinin yüksəldilməsi, işsizlik probleminin aradan qaldırılması, yol infrastrukturunun daha da yaxşılaşdırılması, kəndlərin qazlaşdırılması prosesinin başa çatdırmaqla füsünkar gözəlliyi ilə göz oxşayan Gədəbəy təbiətinin mühafizəsi, turizmin inkişafı, mədəni irsimizin qorunması, təhsil və səhiyyə xidmətləri keyfiyyətinin artırılması kimi vacib problemlərin həlli istiqamətində çalışmaq ən ali məqsədimdir.

Millət vəkili olmaq imtiyaz deyil, xalqa və dövlətə xidmət etmək üçün şərəfli və məsuliyyətli bir yoldur. Millət vəkili seçilən hər kəs seçiciləri və dövləti qarşısında vicdan öhdəliyi götürür.

Müstəqil dövlətimizlə qürur duyan, elinə bağlı olan bir vətəndaş kimi millət vəkili seçiləcəyim təqdirdə vicdan öhdəliyim bildiyim, bütün varlığımla həllinə çalışacağım aşağıdakı məsələləri xülasə şəklində diqqətinizə çatdırmaq istəyirəm.

 Ümumi müddəalar:

1.Azərbaycan Respublikası Milli Məclisinin yüksək qanunvericilik hakimiyyəti statusunda nüfuz və intellektual gücünün artırılması üçün səy göstərmək;

2.Beynəlxalq hüquq sisteminin insan hüquq və azadlıqlarının müdafiəsinə dayanan yeniliklərinin milli qanunvericilikdə uyğunlaşdırılaraq öz əksini tapması istiqamətində yorulmadan çalışmaq;

3.Millətin gələcəyi, cəmiyyətin inkişafı üçün əsas mənbə, bütün bəşəriyyətin nicatı olan təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün aidiyyəti dövlət orqanları qarşısında ciddi vəsatət qaldırmaq, bu sahədə milli qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təkliflər vermək;

4.Seçicilərin ərizələrinin qəbul edilməsi, problemlərinin həlli üçün operativliyin təmin olunması üçün Gədəbəy rayonunda daimi qərargahın yaradılması;

5.Sosial problemlərin, o cümlədən işsizlik probleminin həlli, xüsusilə gənclərin yeni iş yerləri ilə təmin edilməsi istiqamətində konkret əməli tədbirlərin görülməsinə çalışmaq;

6.Dağlıq Qarabağ probleminin həlli istiqamətində dövlətin apardığı siyasətdə fəal iştirak etmək;

7.Azərbaycan Respublikası Konstitusiyasına görə hakimiyyətin mənbəyi xalqdır. Xalqın dövlətə, onun Milli Məclisinə və seçdiyi nümayəndələrinə güvəninin artırılması üçün ən mühüm addım kimi sosial dinləmələrə üstünlük vermək, Sizin problemlərinizin, istəklərinizin dövlətin ən ali kürsülərindən səsləndirilməsinə nail olmaq. Bu məqsədlə hər ayın ilk həftəsini tam olaraq seçiləcəyim dairə üzrə yerlərdə ağsaqqallar, ziyalılar və gənclərlə görüşlərin keçirilməsinə həsr etmək;

8.Doğma Gədəbəydə sosial-iqtisadi çətinlik yaradan amillərin öyrənilməsi, təhlil olunması və həlli üçün Tədbirlər planının hazırlanması və həyata keçirilməsi üçün dövlət orqanları qarşısında təxirəsalınmaz tələblərin qaldırması;

9.Millət vəkili səlahiyyətləri çərçivəsində rayonumuzda sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması və bu sahədə əlverişli şəratin yaradılmasına yönələn layihələrin icrasına dövlət dəstəyinin artırılmasına nail olmaq;

10.Bölgənin ən əsas perspektivli sahələrindən olan kənd təsərrüfatının inkifaşı məqsədi ilə rayonun potensialından düzgün istifadə edilməsi, Sizin istehsal etdiyiniz məhsulların daxili bazarlara sərbəst çıxarılması, habelə ölkədən xaricə ixracı istiqamətində ən mütərəqqi və innovativ yeniliklərin tətbiqi məqsədilə dövlət dəstəyinin artırılmasına nail olmaq.

Təhsil:

 1.Bütün məktəblərdə müəllim kollektivi və şagirdlərlə mütəmadi görüşlərin keçirilməsi, bilikli, bacarıqlı və istedadlı şagirdlərin seçilməsi, onların davamlı təhsili məqsədi ilə müvafiq tədbirlər planının hazırlanması və aidiyyəti dövlət qurumuna təqdim edilməsi;

2.Xaricdə yaşayan Gədəbəyli iş adamlarının dəstəyi ilə "Gədəbəy-təhsilə yardım Fondu”nun təsis olunmasına çalışmaq;

3.Rayonumuzda ziyalılar parkının yaradılması ideyasını reallaşmasına çalışmaq;

4.Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat fakültəsinin yaradıcısı akademik Qoşqar Əhmədli adına elm mükafatının təsis olunmasına çalışmaq;

5.İmkansız ailələrin bilikli, bacarıqlı və istedadlı övladlarının təhsil almaları üçün müvafiq tədbirlər görmək;

6.Gədəbəy rayonundan olan gənclərin dövlət proqramları hesabına xaricdə təhsil, həmçinin elmi araşdırma üçün göndərilməsinə dəstək göstərmək;

7.Xaricdə və ölkədə ali təhsil alan gənclərin ziyalılarla mütəmadi görüşlərinin təşkili.

 Səhiyyə:

1.Hər bir inzibati ərazi nümayəndəliyinin yerləşdiyi kənddə tibb məntəqələrinin yaradılması, bir neçə kəndin birləşdiyi inzibati mərkəzlərdə apteklərin təşkili üçün sahibkarların təşviqi;

2.Yay aylarında xüsusi həkim briqadası tərəfindən pulsuz tibbi müayinələrin keçirilməsinin təşkil edilməsi üçün müraciətlər paketini hazırlanmaq;

3.Rayon xəstəxanaları və tibb məntəqələrində iş fəaliyyətinin, nizam-intizamın və əhaliyə göstərilən tibbi xidmətin yüksək səviyyədə olması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq.

Ekologiya:

1.Ekoloji problemlərin həlli istiqamətində təxirə salınmaz tədbirlərin görülməsi üçün təşviqatın aparılması;

2.Ətraf mühitin mühafizəsi üzrə tədbirlər planının hazırlanması, hər kənd üzrə tullantıların düzgün idarə olunması məqsədi ilə yaşayış məntəqələrindən uzaqda xüsusi yerlərin-tullantı poliqonlarının müəyyən edilməsi, xəritə-sxemlərinin hazırlanaraq müvafiq orqanlara təqdim edilməsi;

3.Yaşıllıqların artırılması və mühafizəsi məqsədilə xüsusi dövlət proqramının hazırlanması və qəbul olunması üçün səy göstərilməsi;

4.Çaylarımızda bioresursların qorunması istiqamətində ciddi tədbirlərin görülməsinə çalışmaq.

Kənd təsərrüfatının inkişafı:

1.Gədəbəy rayonunda kənd təsərrüfatının intensiv inkişafına yönələn tədbirlərin təşviqi;

2.Torpaqların münbitləşdirilməsi üçün dövlət dəstəyinə nail olunması;

3.Kənd əhalinin maddi rifahının yaxşılaşdırılması üçün xüsusi sosial proqramın tərtib edilməsi;

4.Kənd təsərrüfatında dünyanın qabaqcıq tenologiyasının tətbiqi ilə Gədəbəydə aqrar sənayenin inkişafına nail olunması üçün bölgəyə dövlət və biznes strukturlarının diqqətini çəkmək.

Turizmin inkişafı, mədəni irsin qorunması:

1.Rayon turizm potensialından səmərəli istifadə olunması və turizm sektorunun inkişafı üçün kompleks tədbirlər proqramının hazırlanması.

2.Tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində təkliflər paketinin hazırlanması;

3.Gədəbəy rayonunda turizm sahəsinə investisiya qoyuluşunun təşviqi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada yerli və xarici investorlarla danışıqlar aparılması;

4.Bölgədə turizmin inkişafının əhalinin yeni iş yerləri, qazanc mənbələri ilə təmin edilməsinə töhvə verməsi üçün strateji fəaliyyətin müəyyənləşdirilməsində iştirak etmək;

5.Rayonumuzda olan hər bir tarixi abidənin sistemli araşdırmalara cəlb olunmasına çalışmaq, tarixi abidələrə turistlərin gediş-gəlişinin rahat olması məqsədi ilə həmin yerlərə avtomobil yollarının çəkilməsinə çalışmaq;

6.Tariximiz, milli adət-ənənələrimiz və əxlaqi dəyərlərimizin qorunması mövqeyindən çıxış etmək.

  

Bütün məsələlərdə hər birinizin yanında sözün əsl mənasında vəkiliniz olacağıma inanmağınızı rica edirəm!