Nigar Sabirqızı: “Ötən il bu gün söz verdim ki, atamın məzarına kəlbəcərdən bir ovuc torpaq gətirəcəm.
Gündəm / Mədəniyyət
25-11-2021, 14:49

"Çox sevincliyik, şükür bu günə ki, Kəlbəcər bizə yenidən qayıtdı və biz Kəlbəcərin işğaldan azad olunmasının bir ilini qeyd edirik. Ötən il Kəlbəcər işğaldan azad olunduğu gün İctimai Televiziyanın efirində söz vermişdim ki, atamın məzarına oradan bir ovuc torpaq gətirəcəm. İmkan yarananda bu arzumu gerçəkləşdirəcəm”.
Bu sözləri İctimai Televiziyanın siması olan, "Diqqət mərkəzi” və "İTV Xəbər-Yekun” verilişlərinin aparıcısı Nigar Sabirqızı Kəlbəcərin işğaldan azad olunmasının bir ili ilə bağlı təəssüratlarını bölüşərkən bildirib:
"Kəlbəcərin işğaldan azad olunmasının bir ili tamam olur. Kəlbəcər deyəndə gözlərimin qarşısında uşaqlığım canlanır. 14 yaşıma qədər yay tətillərimi Kəlbəcərdə keçirmişəm. Kəlbəcər deyəndə atam Sabir Quliyev gözlərimin önündə canlanır. Atam Kəlbəcəri o qədər çox sevirdi ki... Torpağını yenidən görməyin həsrəti ilə yaşayırdı. Təəssüf ki, torpağını azad görmək ona qismət olmadı. Atamın ölümündən ilyarım sonra Kəlbəcər işğaldan azad olundu. Çox təəssüf ki, atam o günləri görə bilmədi. Amma inanın, Kəlbəcəri o qədər çox sevirdi ki... Baxmayaraq ki, müxtəlif ölkələrə səfərlər edir, xaricdə kitabları çap olunurdu, amma Kəlbəcəri bir an belə unutmurdu. Torpağından danışanda gözləri yaşarırdı, Kəlbəcərə aid şeirlər yazırdı...
Kəlbəcər deyəndə mənim gözümün önünə bənzərsiz təbiət, sıldırımlı qayalar və Tərtər çayı canlanır. Kəlbəcərin gözəl meşələri, sıldırım qayaları, dağları o qədər füsünkardır ki, baxmaqla doymaq olmur. Onların hər biri xatirimdə necə varsa, elə də canlanır. Misal üçün nənəmin evi çayın kənarında idi, biz evdən çıxan kimi o çayı görürdük.
Nə qədər sevincli olsam da, bilirəm ki, sonuncu dəfə 14 yaşımda gördüyüm o Kəlbəcəri bir də görə bilməyəcəm. Ermənilər indi o torpaqları viran günə qoyublar. Təbii ki, biz yenidən qurub-yaradacağıq, orada infrastruktur yaradılacaq, yeni evlər tikiləcək. Ancaq bizim itirələn illərimizi, insanların vətən, yurd həsrətini geri qaytara bilməyəcəyik. Orada yaşayan insanların qoyub getdikləri xatirələr, yaşadıqlarını geri qaytarmaq mümkün olmayacaq. Buna çox təəssüflərnirəm.
Kəlbəcəri düşmən nə qədər viran qoymağa çalışsa da, amma ana təbiətə güclərinin çatmadığına əminəm. Oradakı dağlar, qayalar, sular, çaylar olduğu kimi qalır, onlar belə bizə kifayət edir. Eybi yox, biz yenidən başlayarıq, yeni evlərimizdə yaşayarıq, yetər ki, Kəlbəcər bizdə olsun.
Arzum idi ki, Qarabağ azad olunanda Şuşanı və Kəlbəcəri görüm. Şuşanı görmək arzum gerçəkləşib, indi Kəlbəcərə gedəcəyim günü həsrətlə gözləyirəm”.
Xəyalə Rəis
