Azərbaycan–Çin münasibətləri: Səmimi dostluq və strateji tərəfdaşlıq
Gündəm / Sosial
7-09-2025, 12:21

Prezident İlham Əliyevin Çinə son rəsmi səfəri Azərbaycan–Çin münasibətlərinin strateji mahiyyətini bir daha gündəmə gətirdi. Enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlıq, habelə beynəlxalq təşkilatlar çərçivəsində dialoq iki ölkə arasında tərəfdaşlığın yeni mərhələsinə keçidini göstərir.
Ölkəmizlə Çin arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur.Həmin vaxtdan bəri iki ölkə qarşılıqlı hörmət, bərabərlik və səmimi dostluq prinsipləri əsasında əlaqələrini inkişaf etdiriblər. Prezident İlham Əliyevin və Çin rəhbərlərinin görüşləri ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradıb. Azərbaycan və Çin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyən ölkələrdir. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda əməkdaşlıq tərəflərin ümumi maraqlarını müdafiə etməyə xidmət edir. Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Azərbaycan da “Vahid Çin” siyasətinə sadiqliyini dəfələrlə nümayiş etdirib.Azərbaycanla Çin arasındakı strateji tərəfdaşlığın əsas sütunlarından biri iqtisadi əməkdaşlıqdır. Azərbaycanın coğrafi mövqeyi Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz layihəsi Çindən Avropaya yük daşımalarında Azərbaycanın tranzit imkanlarını daha da artırır. Çin şirkətləri Azərbaycanda energetika, nəqliyyat, infrastruktur və texnologiya sahələrində də aktiv iştirak edir. İki xalq arasında dostluq münasibətlərinin güclənməsində mədəni əməkdaşlıq mühüm yer tutur. Azərbaycanda Konfutsi İnstitutu fəaliyyət göstərir, Çin universitetlərində isə Azərbaycan dili və mədəniyyətinə maraq artır. Turizm, təhsil mübadiləsi, incəsənət tədbirləri xalqlar arasında körpü rolunu oynayır.Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Çin arasında səmimi dostluq və hərtərəfli strateji tərəfdaşlıq münasibətləri bu gün regional sabitlik və qlobal əməkdaşlıq üçün mühüm nümunədir. Bu tərəfdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya məkanının inkişafına töhfə verir. Beləliklə Prezident İlham Əliyevin “Azərbaycan-la Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur” bəyanatı iki ölkə arasında formalaşan və hər il daha da dərinləşən münasibətlərin mahiyyətini dəqiq ifadə edir.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çoxvektorlu daxili və xarici siyasət kursu yürüdür. Rəsmi Bakı eyni zamanda həm Avropa İttifaqı, NATO kimi Qərb strukturları ilə əməkdaşlığı genişləndirir, həm də regional ittifaqlarda fəal iştirak edir. Bu balans siyasəti Azərbaycanın beynəlxalq arenada müstəqil mövqeyini qorumağa, müxtəlif güc mərkəzləri ilə eyni vaxtda etibarlı tərəfdaşlıq qurmasına imkan verir. Onu da qeyd etmək istəyirəm ki, ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq tərəfdaşı statusu ilə təmsil olunur. Bu kontekstdə, Azərbaycanın ŞƏT-lə tam üzvlük məsələsi yaxın perspektivdə daha çox nəzəri xarakter daşıyır. Beləliklə Çinə səfərin siyasi mesajlarından biri də məhz bu idi ki, Azərbaycan bir qütblü deyil, çoxşaxəli siyasət yürüdür və müxtəlif geosiyasi platformalarda eyni vaxtda maraqlarını müdafiə etmək bacarığına sahibdir.Prezident İlham Əliyev in uğurla və qətiyyətlə yürütdüyü balans siyasəti sayəsində Qərb strukturları ilə, xüsusən Avropa İttifaqı və NATO ilə əlaqələr də çox inkişaf etmişdir. Beləliklələ bütün bu istiqamətlər, rəsmi Bakının yürütdüyü çoxvektorlu daxili və xarici balans siyasətində vacib yer tutur. Ən əsası isə, bu münasibətlər təkcə diplomatik əməkdaşlıqla məhdudlaşmır, siyasi, iqtisadi, mədəni və beynəlxalq arenadakı strateji əməkdaşlıqla tamamlanır.
YAP Saatlı rayonu 15 saylı Ərazi Partiya Təşkilatının sədri MƏMMƏDOV Vüqar.