Müasir Estetik Təbabətdə Dermatokosmetologiyanın Rolu” mövzusunda maarifləndirici seminar keçirilib
Gündəm / Sosial
13-02-2026, 02:51

Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin tərkibində fəaliyyət göstərən Tibb Təhsili üzrə Daimi Komitə və İctimai Sağlamlıq üzrə Daimi Komitələrinin təşkilatçılığı ilə tibb tələbələri üçün “Timeless Skin:
Müasir Estetik Təbabətdə Dermatokosmetologiyanın Rolu” mövzusunda maarifləndirici seminar keçirilib. Tədbirin əsas məqsədi dermatokosmetologiyanın elmi əsaslarını və müasir estetik təbabətdəki rolunu iştirakçılara daha yaxından təqdim etmək olub.
Seminarda spiker qismində çıxış edən Dr. Nigar Rəsulova dermatokosmetologiyanın əsas prinsipləri, müasir estetik təbabətdə tətbiq sahələri, həmçinin bu istiqamətdə etik yanaşmanın əhəmiyyəti barədə ətraflı məlumat verib. O, dərinin yalnız estetik baxımdan deyil, həm də ümumi sağlamlığın göstəricisi olduğunu vurğulayıb və elmi əsaslı estetik yanaşmaların səhiyyənin gələcək inkişafında mühüm rol oynadığını qeyd edib. Seminar müddətində tələbələr aktiv iştirak edərək suallar ünvanlayıb və mövzu ətrafında maraqlı müzakirələr aparıblar.
Tədbirin sonunda fəal iştirak edən tələbələrə xüsusi hədiyyələr təqdim olunub. Seminar iştirakçılara estetik təbabətə elmi, etik və məsuliyyətli yanaşma ilə bağlı dəyərli bilik və təcrübə qazandırıb.





