Bakıda “Məni Dinləyin” adlı sürrealizm üslublu tamaşanın təqdimatı keçirilib

Gündəm / Sosial
Bu gün, 12:27

Layihə “Azərbaycan İncəsənət Məktəbi” MMC və Azərbaycan Texniki Universitetinin birgə əməkdaşlığı çərçivəsində, həssas kateqoriyadan olan gənclərin iştirakı ilə hazırlanıb.

Tədbir şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılışda çıxış edən rektor Vilayət Vəliyev inklüzivliyin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb.

Tamaşanın müəllifi və quruluşçu rejissoru Fərid Bağırov layihənin bədii fəlsəfəsi haqqında danışaraq əsərin insanın daxili dünyasını və sosial mesajlarını əks etdirdiyini bildirib. Səhnədə Leyla Əliyevanın şeirlərindən istifadə olunması tamaşaya xüsusi estetik dəyər qatıb.

Tədbirin sonunda gənc ifaçı Nurlan Məmmədzadə Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısını səsləndirib. Tədbir iştirakçıları tamaşanı yüksək qiymətləndiriblər.

Tədbirdə millət vəkilləri Zahid Oruc, Ceyhun Məmmədov, Vasif Qafarov və Vüqar İskəndərov çıxış ediblər. Eyni zamanda Xalq Artisti İlham Namiq Kamal və “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev də tədbirdə fikirlərini bölüşüblər. Qeyd edək ki, “Azərbaycan İncəsənət Məktəbi”nin direktoru Gülnar Əzimovadır.