Naxçıvanda “15 may – Beynəlxalq Ailə Günü” münasibətilə uzunömürlü Qasımovlar ailəsi ilə görüş keçirilib

Gündəm / Sosial
Bu gün, 18:33


Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “15 may – Beynəlxalq Ailə Günü” münasibətilə Kəngərli rayonunun Qarabağlar kəndində yaşayan, evliliklərinin 67 illiyi qeyd olunan uzunömürlü Qasımovlar ailəsi ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Vətən müharibəsi iştirakçısı, qazi Təbriz Zeynalov və komitənin könüllü gəncləri iştirak ediblər.
Görüş çərçivəsində çıxış edən Cəlil Rüstəmov bildirib ki, uzunömürlü və nümunəvi ailələr cəmiyyət üçün örnək olmaqla yanaşı, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayırlar. O qeyd edib ki, ailə institutunun möhkəmləndirilməsi, ailə dəyərlərinin təbliği və sağlam ailə münasibətlərinin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ailə siyasəti bu gün də Azərbaycanda uğurla davam etdirilir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət və qayğı göstərilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, sosial müavinətlər və pensiyalar mütəmadi olaraq artırılır.
Qeyd olunub ki, ölkəmizdə ailələrin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də uzunömürlü və nümunəvi ailələrin daim diqqətdə saxlanılmasıdır. Vurğulanıb ki, ailə dəyərlərinin qorunaraq gənc nəslə ötürülməsi, xüsusilə belə ailələrin həyat təcrübəsindən faydalanmaq mühüm əhəmiyyət daşıyır.
Komitə sədri bildirib ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunub. Azərbaycan ailəsinin əsas sütunlarından biri olan qadınlar tarixən ailənin qorunması və yaşadılması naminə böyük fədakarlıqlar göstərmiş, kişi və qadın münasibətlərində qarşılıqlı hörmət və məsuliyyət prinsipləri formalaşmışdır. Xalqımızın əsrlər boyu yaşatdığı əxlaqi dəyərlər, ailəyə bağlılıq, analıq hissi və məsuliyyət kimi mənəvi keyfiyyətlər bu gün də qorunaraq gələcək nəsillərə ötürülür.
Deputat Təbriz Zeynalov da çıxışında muxtar respublikada belə uzunömürlü və nümunəvi ailələrin mövcudluğunu milli-mənəvi dəyərlərimizin yaşadılmasının bariz nümunəsi kimi dəyərləndirib.
Təşkilatçılar “15 May – Beynəlxalq Ailə Günü” münasibətilə Qasımovlar ailəsini və onların timsalında ümumilikdə muxtar respublikada yaşayan bütün ailələri təbrik ediblər.
Sonda uzunömürlü və nümunəvi Qasımovlar ailəsinin həyat təcrübəsi dinlənilib, görüş iştirakçıları səmimi anlarla bağlı xoş təəssüratlarını bölüşüblər. Ailənin başçısı Qasım Qasımov, xanımı Gülxanım Qasımova və övladlarından Vəzir Qasımov ailəyə göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlıqlarını bildiriblər.
Sonda  Komitə tərəfindən Qasımovlar ailəsinə hədiyyələr və gül buketi təqdim edilib. 
Qeyd edək ki, Qasımovlar ailəsinin 6 övladı, 17 nəvəsi və 23 nəticəsi var.

Naxçıvan Muxtar Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti