WUF13: Bakı Təşəbbüs Qrupu beynəlxalq konfrans keçirəcək
Gündəm / Sosial
Bu gün, 09:07

Bakı şəhərində baş tutan Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 20 may 2026-cı il tarixində "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfrans BTQ-nin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər tərəfindən yaradılan Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri kimi yadda qalacaq.
Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də nümayəndələri ilə təmsil olunacaq. Tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri - gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri daxil olmaqla ümumilikdə 22 ölkədən nümayəndə iştirak edəcək.
Tədbirdə müxtəlif regionlardan olan gənclər arasında kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin qurulması, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşməsi, beynəlxalq həmrəyliyin real və effektiv platformalara çevrilməsi məsələləri müzakirə ediləcək.

Eyni zamanda, gənclərin daha yüksək səviyyədə təşkilatlanması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmin mərkəzinə gətirilməsi və bu problemlərə qarşı konkret, nəticəyönümlü beynəlxalq təşəbbüslərin irəli sürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, müstəmləkə və neokolonial idarəetmə altında olan ərazilərdə urbanizasiya prosesləri ciddi struktur problemləri, sosial bərabərsizlik və infrastruktur çatışmazlıqları ilə müşayiət olunur. Kanakidə (yeni Kaledoniya) Fransa tərəfindən həyata keçirilən miqrasiya siyasəti demoqrafik balansın dəyişməsinə səbəb olaraq yerli kanak əhalisini azlıq vəziyyətinə salmış, onların şəhər mərkəzlərindən periferiyalara sıxışdırılması ilə nəticələnib.
Paralel olaraq, adaya köçürülmüş avropa mənşəli əhalinin iqtisadi üstünlüyü sosial-iqtisadi bərabərsizliyin dərinləşməsini daha da gücləndirmişdir. Boneyrada Niderland müstəmləkə siyasətinin davam edən təsirləri, artan turizm və xarici investisiya təzyiqləri ilə birlikdə mənzil bazarında kəskin qiymət artımına səbəb olur.
Bu proses yerli əhalinin əlçatan yaşayış imkanlarını ciddi şəkildə məhdudlaşdıraraq sosial bərabərsizliyin daha da dərinləşməsinə gətirib çıxarır. Mayotda "Çido" siklonu nəticəsində infrastrukturun 90%-dən çoxu sıradan çıxmış, 100 mindən artıq insan evsiz qalaraq məcburi köçkün vəziyyətinə düşmüşdür. Genişmiqyaslı humanitar fəlakət fonunda Fransa hakimiyyətinin gecikmiş və baş vermiş fəlakətə etinasız reaksiyası böhranın miqyasını daha da dərinləşdirmişdir.
Bundan başqa 19 may tarixində saat 11:00-da, WUF13 çərçivəsində A39 pavilyonunda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən "Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı" mövzusuna həsr olunmuş tədbir də təşkil ediləcək. Tədbir çərçivəsində konfrans iştirakçıları müstəmləkə və neokolonial idarəetmənin sosial-iqtisadi təsirlərini, urbanizasiya proseslərində yaranan struktur bərabərsizlikləri, mənzil təminatı sahəsində mövcud çağırışları, eləcə də bu problemlərin yerli əhali üzərində yaratdığı təsirləri müzakirə edəcəklər.