Türkiyənin bələdiyyə sədri Sumqayıta gəlib

Gündəm / Sosial
Bu gün, 11:00

Türkiyənin paytaxtı, Ankara şəhərinin Keçiören Bələdiyyəsinin sədri Mesut Özarslanın rəhbərlik etdiyi geniş nümayəndə heyəti Sumqayıt şəhərinə rəsmi səfər edib.

Xeberekspress.com
 xəbər verir ki, nümayəndə heyətinin tərkibində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, eyni zamanda Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Sumqayıt Bələdiyyəsinin inzibati binasında keçirilən görüşdə müxtəlif mövzular müzakirə olunub.

Qeyd edilib ki, Keçiören Bələdiyyəsinin nümayəndə heyətinin Azərbaycana səfəri qardaşlaşmış bələdiyyələr arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Səfər proqramına Sumqayıt, Binəqədi, Nizami, Şamaxı, Yevlax və Tovuz bələdiyyələri daxildir. Bu səfərlər çərçivəsində nümayəndə heyətini Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev müşayiət edir.

Görüş zamanı Mesut Özarslan Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatovu Keçiören Bələdiyyəsinə rəsmi səfərə dəvət edib.

Səfərin sonunda tərəflər xatirə hədiyyələri təqdim edib, xatirə şəkli çəkdiriblər.