Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Gündəm / Sosial
Bu gün, 10:52
Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində mağazada uçqun baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb.

Qeyd edilib ki, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Gülnar Məhəmməd qızı Miriyevanın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.