Avropanın antimiqrant siyasəti: uduzan kim olacaq? - ŞƏRH
Siyasət
Bu gün, 19:00

Avropanın antimiqrant siyasəti deyəsən nəticəsini verməyə başlayır. Avropa İttifaqının (Aİ) aparıcı üzvü Almaniyada sığınacaq üçün müraciətlərin sayı azalmaqda davam edir.
Almaniya Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsindəki açıqlamasına əsasən, 2026-cı ilin iyul ayında sığınacaq üçün müraciətlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 50%, 2024-cü ilin iyul ayı ilə müqayisədə isə 75% azalıb. Bildirilib ki, eyni tendensiya bütün Avropa İttifaqında müşahidə olunur.
2026-cı ilin iyul ayında Almaniyada sığınacaq almaq üçün 4311 ilkin müraciət təqdim edib. Bu, 2025-ci ilin iyul ayındakından (8293 müraciət) iki dəfə az və 2024-cü ilin iyul ayındakından təxminən 75% azdır.
Almaniyada bu azalma artıq bir neçə aydır müşahidə olunur. Belə ki, 2026-cı ilin birinci yarısında Almaniyada ilk dəfə sığınacaq üçün 39 646 nəfər müraciət edib. 2025-ci ilin eyni dövründə onların sayı 72 818 olub.
Almaniya hökuməti bu göstəriciləri konservativ XDS/XSS bloku başda olmaqla hakim koalisiyanın uğuru sayır. Bunu Aİ-nin miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə əlaqələndirirlər. Çünki bu ilin iyun ayından İttifaqda Ümumavropalı Sığınacaq Verilməsi Sisteminin ("Common European Asylum System", CEAS) tətbiqinə başlanılıb. Bu sistem sığınacaq istəyənlərə Aİ sərhədlərində ilkin yoxlamalar tətbiqini, onların müraciətlərinin sürətləndirilmiş qaydada baxılmasını nəzərdə tutur.
AFR ərazisinə quru yolla qanunsuz girişlərin sayının da əhəmiyyətli dərəcədə azaldığı qeyd edilib. Bildirilib ki, 2025-ci ildə belə pozuntuların sayı 2023-cü ildəkindən iki dəfə az olub. Dövlət qurumları bunu 2024-cü ilin sentyabrından qüvvədə olan Almaniyaya girişdə sərhəd nəzarətinin gücləndirilməsi ilə əlaqələndiriblər.
Məlumata görə, İspaniyanın Seuta yarımanklavında baş verən son hadisələr səbəbindən İttifaqın miqrasiyaya nəzarət rejimi qüvvədə qalacaq.
Avropa İttifaqına, o cümlədən Almaniyaya əsasən hansı sosial təbəqənin nümayəndələri miqrasiya edir, yaxud sığınacaq istəyirlər? İlk növbədə, müxtəlif münaqişələr nəticəsində öz ev-eşiyindən məhrum olmuş dinc sakinlər bu addımı atırlar. İttifaq ölkələri yurd-yuvasını itirmiş bu təbəqəyə sığınacaq verməyə borcludur. Bəzi hallarda onların ev-eşiksiz qalmalarının günahkarlarından biri də Aİ sayılır.
Terrordan qaçaraq Türkiyəyə sığınmış 4 milyona yaxın suriyalı və iraqlı qaçqınların vəziyyəti yada düşür. Onda Aİ rəsmi Ankaradan onları öz ərazisində saxlaması üçün 6 milyard avro vəd etmişdi. Bu məbləğin iki mərhələdə veriləcəyi nəzərdə tutulurdu. Ancaq İttifaq bunu qaçqınların müalicəsinə xərclədiyini bildirərək həmin məbləği günümüzədək Türkiyəyə ödəməyib. Onda Avropa İttifaqı rəsmi Ankaradan qaçqınları öz ərazisində daha çox saxlamasını xahiş edirdi. Türkiyə isə qaçqınlara indiyədək sığınacaq verib.
Bu onu göstərir ki, Suriya və İraqda dəyişiklikdə İttifaqın da rolu olub. Ancaq o, məsələnin humanitar tərəfinə diqqət ayırmadığından qaçqın böhranı ilə üz-üzə qaldı.
Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində də 8,4 milyondan çox ukraynalı ölkə xaricindədir. Ukrayna Elmlər Akademiyası bu yaxınlarda Kiyevin nəzarəti altındakı ərazidə 27-28 milyon insanın yaşadığını bildirib. Beş milyondan çox Ukrayna vətəndaşı Aİ-də müvəqqəti sığınacaq alıb. Onların bu vəziyyətə düşməsi Ukraynanın Avropaya inteqrasiya etmək istəməsidir.
Avropa Statistika İdarəsi "Eurostat" 2026-cı ilin iyulunda Aİ-nin müvəqqəti müdafiəsi altında 4,38 milyon ukraynalı qaçqın olduğunu bildirib. Onlar Almaniyada - 1,283 milyon, Polşada - 967,5 min və İspaniyada - 267,4 min nəfərdir.
İttifaqda ümumavropa əmək və ya iqtisadi miqrasiyaya dair kvota yoxdur. Hər üzv ölkə bunu sərbəst şəkildə müəyyənləşdirir. Üzv ölkələr sığınacaq istəyənləri fiziki olaraq qəbul edə, maliyyə kompensasiyası ödəyə (hər qəbul edilməmiş miqrant üçün təxminən 20 000 avro), yaxud texniki və əməliyyat personalı təmin edə bilərlər.
Deməli, bu məsələyə ümumi yanaşma mövcud deyil. Məsələni çətinləşdirən amillərdən biri də budur. Hər ölkə üzrə bu istiqamətdə kvota əvvəldən müəyyənləşərsə, bu, bir sıra qanunsuz əməllərin qarşısını alınmasına yardım edər, habelə miqrantların hüquqlarının pozulmasına, ləyaqətlərin alçalmasına şərait yaratmaz.
Mühacirlər Aİ-də yerli əhalinin məşğul olmadığı, yaxud daha az məşğul olduğu işlərdə, əsasən də xidmət sahəsində çalışırlar. Almaniyada binaların təmizlənməsi sahəsində çalışanların 60 faizi miqrantların payına düşür. Onlar həm də şəxsi evlərdə təmizlik işçisi olaraq çalışırlar. Qaçqınlar ictimai iaşə obyektlərində müxtəlif işlər görürlər. Bu sahədə çalışanların 46 faizi miqrantlardır. Tikinti sahəsində miqrantların payı 34%-dən 40%-ə qədər dəyişir.
Bu göstəricilər daha çox AFR-ə aiddir. Küçə təmizləyənlər, xəstəxanalarda xəstələrin baxıcıları, sanitar işçilər arasında miqrantlar üstünlük təşkil edir.
Almaniyada həkimlərin və stomatoloqların 27 faizi miqrantlardır. Yerli əhali ölkədəki hər dörd həkimdən birinin köklü alman olmamasına adət edib.
Avropada miqrantların qazancı ölkədən, ixtisasdan və qanuni statusdan asılı olaraq dəyişir. Qərbi və Şimali Avropada (Almaniya, Fransa, Skandinaviya) ixtisassız miqrantlar ayda 1 200–2 000 avro (minimum əmək haqqı səviyyəsində) qazanır. Diplomlu mütəxəssislər və İT kadrları ayda 3 500–6 000 avro və daha çox gəlir əldə edirlər. Müqaviləsi olan və dil bilən əmək miqrantları yerli əhali ilə bərabər qazanırlar. Qaçqınlar və qeyri-qanuni işçilər bazar qiymətindən 15–40% az qazanırlar. İxtisasları üzrə inşaatçılar, sürücülər, sənətkarlar ayda 1 800-dən 3 200 avroya qədər məbləğdə pul qazana bilirlər. Yüksəkixtisaslı mütəxəssislər (İT, həkimlər, mühəndislər) vergi tutulandan sonra ayda 3 500-dən 7 000+ avroya qədər əməkhaqqı alırlar.
Almaniya, İrlandiya, Niderlandda orta aylıq əməkhaqqı 4 000–4 900 avro arasındadır. Fransa və İtaliyada orta aylıq əməkhaqqı təxminən 3 000–3 800 avro təşkil edir.
Bu kimi statistikanı genişləndirmək də olar.
Göründüyü kimi, miqrantlar bir sıra problemlər səbəbindən gəldikləri ölkədə az əməkhaqqı ilə istənilən işlə məşğul olurlar. Eyni işi görən vətəndaşlar isə daha yüksək əməkhaqqı tələb edirlər.
Odur ki, Avropa İttifaqına miqrantsız çətin olar. Mühacirlərin sayının azalmasına sevinənlər onların İttifaqın həyatındakı görünən görünməz roluna diqqət vermirlər. İttifaqın ümumi əhalisinin sayı, 2026-cı ilin məlumatına əsasən, 452 milyon nəfərdir. Avropa İttifaqında miqrantların ümumi sayı 64,2 milyon nəfərdir. Bu isə əhalinin 10 faizindən çoxu deməkdir. Nəzərə almaq lazımdır ki, miqrantlar olduqları ölkələrin ən fəal, əmək qabiliyyəti olan üzvləridir. O halda onların önəmi daha artıq olur.
Ölkədə insan sayının az olması onun təhlükəsizliyinin təmin olunmasında da müəyyən problemlər yaradır. Odur ki, miqrantların Avropada sayının azalması onun ciddi sosial problemlərlə üzləşməsinə səbəb olar.
Miqrantların İttifaq ölkələrindəki rolu daha çox futbol komandalarının heyətində görünür. Onlar hətta milli komandaların da əsas heyətlərinin aparıcı oyunçuları olurlar.
Ona görə də miqrantsız Avropa təsəvvür edilə bilməz. Qocalan bu qitəyə can, qan, nəfəs və həyat verən də miqrantlardır.
Almaniya, İspaniya və Fransa kimi ölkələrdə xarici vətəndaşlığa malik qadınlarda doğum əmsalı hər qadına 1,35–1,84 uşaq səviyyəsində olduğu halda, yerli əhali arasında isə bu göstərici çox vaxt 1,1–1,3-dən aşağı düşür. Odur ki, başqa sahələrdə olduğu kimi, demoqrafik sabitlikdə də onların danılmaz rolu var.
Ona görə də Avropada miqrantlara qarşı fəaliyyət göstərənlər bir müddət sonra bunun ağır nəticələrini də görəcəklər. Hələ ki antimiqrant siyasəti yürütməklə vəziyyəti düzəltdiklərini zənn edirlər.(Report)