Cinayətlərin miqyası
Sosial
31-03-2025, 15:03

Hər il 31 mart tarixi bütün ölkədə, o cümlədən xaricdə Azərbaycanlılar tərəfindən anılır və soyqırım qurbanlarının xatirəsi yad edilir. Soyqırımın tanınması və bu hadisənin dünya ictimaiyyəti tərəfindən anılması Azərbaycanın xalqının ağrılı səhifələrini gündəmə gətirmək və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün olduqca vacibdir. 31 Mart Soyqırımı həmçinin Azərbaycanın müstəqillik və milli azadlıq mübarizəsinin bir parçasıdır. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.
Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov ABŞ Prezidenti Vudro Vilsona 1919-cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü. Azərbaycan dövləti 31 Mart soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımlar atır. Bu gün ölkə daxilində və xaricdə müxtəlif tədbirlər keçirilir, elmi konfranslar təşkil olunur və sənədlər üzərində araşdırmalar aparılır.
Əlimərdan Abdullayev – Masallı şəhər sakini