Milli Sabitlik və Strateji Liderlik: Azərbaycanın Müasir Dövlət Modelinin Elmi Təhlili

Sosial
Dünən, 22:34


Ümumiyyətlə müasir beynəlxalq münasibətlər sistemində, mən deyərdim ki, dövlətlərin dayanıqlı inkişafı və təhlükəsizliyi onların daxili ictimai-siyasi sabitliyinin səviyyəsi ilə birbaşa bağlıdır. Məhz bu kontekstdə Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörən rəhbərliyi ilə son illərdə nümayiş etdirdiyi inkişaf modeli nəzəri və praktik baxımdan xüsusi elmi maraq doğurur. Ən əsası isə qlobal miqyasda artan geosiyasi gərginliklər, regional münaqişələr və sosial-iqtisadi qeyri-sabitlik fonunda Azərbaycanın qoruyub saxladığı sabitlik mühiti sistemli dövlət idarəçiliyinin uğurlu nəticəsi kimi qiymətləndirilməlidir. Müstəqil Azərbaycanın müasir dövlət modelinin formalaşması və inkişafı bilavasitə ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursa əsaslanır. Bu kurs dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların qorunması və institusional idarəetmənin formalaşdırılması kimi fundamental prinsipləri özündə ehtiva edir. Məhz bu strateji xətt sonrakı mərhələdə yeni geosiyasi reallıqlara uyğun şəkildə inkişaf etdirilərək Azərbaycanın müasir idarəetmə modelinin əsasını təşkil etmişdir.Bu siyasi kursun uğurla davam etdirilməsi isə Prezident İlham Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət çoxşaxəli olmaqla yanaşı, milli maraqlara əsaslanan praqmatik yanaşma ilə seçilir. Qeyd edim ki, xüsusilə dövlət suverenliyinin tam bərpası və ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Məsələyə bu baxımdan yanaşdıqda ölkənin hərbi, siyasi və diplomatik potensialının sinxron olaraq səfərbər edilməsi strateji liderliyin effektivliyini nümayiş etdirir. Məsələn, ölkədə və regionda ictimai-siyasi sabitliyin təmin olunması məsələsinə elmi yanaşma göstərir ki, bu proses yalnız inzibati idarəetmə mexanizmləri ilə deyil, həm də cəmiyyət daxilində sosial konsensusun mövcudluğu ilə şərtlənir. Azərbaycanda müşahidə olunan bu sabitlik üsulu məhz bu iki amilin qarşılıqlı vəhdəti əsasında formalaşmışdır. Dövlət-vətəndaş münasibətlərində etimad mühitinin mövcudluğu, sosial siyasətin inklüziv xarakter daşıması və milli həmrəyliyin gücləndirilməsi bu sabitliyin davamlılığını təmin edən əsas faktordur. Etdiyim müqayisəli təhlil göstərir ki,bu gün bir çox ölkələrdə siyasi qütbləşmə, sosial narazılıqlar və idarəetmə böhranları dövlətlərin inkişafını ləngidən əsas amillərdəndir. Azərbaycanda isə əksinə, siyasi sistemin institusional sabitliyi, idarəetmədə ardıcıllıq və strateji qərarların vaxtında qəbulu ölkənin dayanıqlı inkişafını təmin edir. Elə bu xüsusiyyətlər Azərbaycanın regional liderlik mövqeyini möhkəmləndirməklə yanaşı, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi aktiv olmasına şərait yaradır. Eyni zamanda, Azərbaycanın xarici siyasəti də milli sabitlik modelinin ayrılmaz tərkib hissəsi kimi hesab olunur. Balanslaşdırılmış diplomatiya siyasəti ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, xarici təsirlərin daxili sabitliyə mənfi təsirinin qarşısını almağa xidmət edir. Bu siyasət çərçivəsində milli maraqların qorunması da əsas prioritetdir.                              Nəhayət, elmi nəticə olaraq qeyd etmək olar ki, Azərbaycanın müasir dövlət modeli “strateji liderlik və sabit inkişaf” konsepsiyası çərçivəsində izah oluna bilər. Bu modelin əsasını güclü siyasi iradə, institusional effektivlik, sosial harmoniya və milli maraqlara əsaslanan idarəetmə təşkil edir. Bu baxımdan, Azərbaycanın təcrübəsi müasir dünyada sabitlik və inkişaf axtaran dövlətlər üçün uğurlu nümunə kimi dəyərləndirilməlidir. Beləliklə, ölkədə mövcud olan ictimai-siyasi sabitlik və əldə olunan uğurlar təsadüfi deyildir, məqsədyönlü və elmi əsaslara söykənən dövlət siyasətinin nəticəsidir. Bu siyasətin mərkəzində isə güclü liderlik amili dayanır ki, bu da Azərbaycanın gələcək inkişaf perspektivlərini daha da möhkəmləndirir. Yəni “Milli sabitlik və strateji liderlik” Azərbaycanın dövlət modelində nəzəri əsas olmaqla, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin dayanıqlı inkişafını və suverenliyini təmin edən praktik idarəetmə prinsipinə çevrilmişdir.


YAP Saatlı, 15 s. ƏPT-n sədri,                 UNEC-n məzunu Vüqar MƏMMƏDOV