“İsmayıllı Yazarları”nın layihəsi qrant müsabiqəsinin qalibi olub

Sosial
2-04-2025, 14:11
“İsmayıllı Yazarları”nın layihəsi qrant müsabiqəsinin qalibi olub

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalib layihələri sırasında “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin təqdim etdiyi “Ortaq sözlər: Azərbaycan və Özbəkistan ədəbi körpüsü” layihəsi də yer alıb.
Layihənin qalib seçilməsi münasibətilə birliyin rəhbərliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına və layihələri qiymətləndirən müstəqil ekspertlərə göstərilən etimada görə təşəkkürünü bildirib.
Kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək layihə qarşıya mühüm və məsuliyyətli məqsədlər qoyur. Layihənin əsas məqsədi Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələri daha da möhkəmləndirmək, ortaq mədəni irsi təbliğ etmək, müasir yazarların yaradıcılığını tanıtmaq, iki qardaş xalq arasında dostluq münasibətlərini inkişaf etdirmək, ortaq ədəbi irsin tərcümə və nəşri vasitəsilə gələcək nəsillərə çatdırmaq, eləcə də yaradıcı əməkdaşlığın davamlı əsasda qurulmasına töhfə verməkdir.
Layihənin əsas tərəfdaşları Azərbaycan Yazıçılar Birliyi və Özbəkistan Yazıçılar İttifaqıdır. Azərbaycan Yazıçılar Birliyi layihə çərçivəsində yazarların əsərlərinin seçilməsi və təqdim olunmasına dəstək göstərəcək, Özbəkistan Yazıçılar İttifaqı isə Daşkənddə keçiriləcək tədbirlərin təşkili və yerli oxucularla əlaqələrin qurulmasında yaxından iştirak edəcək.
Layihənin əsas hədəf qrupunu hər iki ölkənin yazarları təşkil edir. Layihə çərçivəsində Azərbaycan və Özbəkistandan hər biri 10 nəfər olmaqla seçilmiş müəlliflərin əsərləri qarşılıqlı şəkildə tərcümə ediləcək, müxtəlif təqdimat mərasimlərində və ədəbi görüşlərdə oxuculara təqdim olunacaq.
Layihənin əsas ideyası ortaq ədəbi irsin təbliği yolu ilə Azərbaycan və Özbəkistan arasında mədəniyyətlərarası dialoqu gücləndirmək, yazıçılar və oxucular arasında yaradıcı əməkdaşlığı genişləndirməkdir.
Layihənin həyata keçirilməsi iki qardaş xalq arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə, ortaq ədəbi irsin beynəlxalq miqyasda tanıdılmasına və müasir yazarların yaradıcılığının geniş oxucu auditoriyasına çatdırılmasına mühüm töhfə verəcək. Eyni zamanda layihədə gender bərabərliyi prinsipi nəzərə alınaraq qadın yazarların yaradıcılığının təbliğinə də xüsusi diqqət ayrılacaq.