Bir xalqın istəyi

Sosial
30-01-2025, 14:14
Bir xalqın istəyi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi, 20-dən artıq kitabın müəllifi *Şahməmməd Dağlaroğlu (Soltanov)*nun yeni kitabı – “Sən yaşa, Azərbaycan!” işıq üzü görüb.
Kitabda toplanmış şeirlər Vətən sevgisini, şanlı Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin qəhrəmanlığını, xalqımızın Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşərək qazandığı tarixi Zəfəri poetik dillə tərənnüm edir.
Müəllifin təqdim etdiyi “Sən yaşa, Azərbaycan!” ifadəsi sadəcə bir çağırış deyil, müstəqil, güclü və qalib Azərbaycanı görmək istəyən xalqın qəlbindən gələn ən səmimi arzu və inamın poetik ifadəsidir.
Kitabın təqdimatı “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvlərinin iştirakı ilə keçirilən görüşdə baş tutub. Tədbirdə müəllifin yaradıcılığından söz açılıb, yeni nəşrin vətənpərvərlik ruhunun təbliğində, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanmasında əhəmiyyətli rol oynayacağı vurğulanıb.
Təqdimat iştirakçıları müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.