WSJ: İran Qətərdəki dondurulmuş aktivlərinin bir hissəsinə çıxış əldə edə bilər
Dünya
Bu gün, 08:50

ABŞ və Qətər İranın humanitar malların alınması üçün dondurulmuş aktivlərinin bir hissəsindən istifadə etməsinə imkan verəcək mexanizmin yaradılması üzərində birgə iş aparır.
Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, birinci mərhələdə Tehran Qətərdə saxlanılan 6 milyard dollara çıxış əldə edə biləcək. İran Mərkəzi Bankının müraciəti əsasında Qətər tərəfinin bu vəsaitlərdən ərzaq, dərman preparatları və digər humanitar təyinatlı malların ödənişi üçün icazə verməsi planlaşdırılır. Nəşr qeyd edib ki, ümumilikdə bütün dünyada təxminən 100 milyard dollar məbləğində İran vəsaiti bloklanıb ki, bu, əsasən, tətbiq edilən sanksiyalar nəticəsində Hindistan, İraq, Qətər və Çindəki hesablarda dondurulmuş neft gəlirləridir.
Qəzet xəbər verir ki, Amerika tərəfi bu mexanizmin İran vəsaitlərinin xərclənməsinə nəzarəti təmin edəcəyindən ümidlidir.