IATA: Bu il aviaşirkətlərin yanacaq xərcləri təxminən 350 milyard dollar təşkil edəcək

Dünya
Bu gün, 19:00

IATA: Bu il aviaşirkətlərin yanacaq xərcləri təxminən 350 milyard dollar təşkil edəcək

Bu il aviaşirkətlərin yanacaq xərcləri təxminən 350 milyard ABŞ dolları təşkil edəcək

Bu barədə "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir.

IATA-nın proqnozlarına görə, cari il aviaşirkətlər yanacağa təxminən 350 milyard ABŞ dolları xərcləyəcək, bu da bütün əməliyyat xərclərinin təqribən üçdə birini təşkil edəcək. Bu problem xüsusilə MDB ölkələrində kəskin xarakter daşıyır: "Məsələn, Qazaxıstanda təyyarə yanacağının qiyməti Dubay kimi digər analoji aviasiya mərkəzləri ilə müqayisədə daha yüksəkdir. Buna görə də aviaşirkətlər eyni həcmdə yanacaq istehlak etdikləri halda daha çox yanacaq xərci çəkir".

Yaxın Şərqdəki münaqişə, yanacaq qiymətlərinin artımı və enerji bazarlarındakı dəyişkənlik fonunda aviasiya sektoruna təzyiq güclənir. Əgər ötən il aviaşirkətlərin qlobal rentabelliyi 4,2 % təşkil edirdisə, bu il IATA-nın gözləntilərinə görə, bu göstərici 2 %-ə qədər azalacaq. Artan xərcləri yalnız aviabilet qiymətlərini qaldırmaq hesabına kompensasiya etmək imkanları məhdud olaraq qalır.

Buna görə də yanacaq səmərəliliyinin artırılması sənayenin əsas prioritetlərindən birinə çevrilir. IATA-nın sorğusuna əsasən, aviaşirkətlərin 90 %-i bunu prioritet məsələ hesab edir. Maliyyə və satınalmalara cavabdeh olan rəhbərlər arasında bu göstərici 96 %-ə çatır: "Nəticədə, regionun aviaşirkətləri xərclərə nəzarət etmək və əməliyyat səmərəliliyini artırmaq üçün yeni yollar axtarmalı olacaq. İndiyədək əsas diqqət aviaparkın yenilənməsi hesabına səmərəliliyin artırılmasına yönəldilib. Həm "Air Astana", həm də "Azerbaijan Airlines" QSC (AZAL) daha yüksək yanacaq səmərəliliyinə malik yeni nəsil hava gəmilərinə investisiya yatırıb"

IATA xatırladıb ki, cari ilin iyulunda AZAL ilin əvvəlindən bəri özünün dördüncü yeni təyyarəsini - "Airbus A320neo"nu alıb, bu da onun aviaparkının yanacaq səmərəliliyini daha da artırıb.

Lakin assosiasiya qeyd edib ki, son vaxtlar yanacağın qiymətinin kəskin artması fonunda aviaşirkətlər yeni, daha səmərəli təyarələrin verdiyi üstünlüklərdən əlavə qənaət mənbələri axtarmağa başlayıb.

"IATA 240-dan çox aviaşirkətdən məlumatlar təqdim edir, bençmarkinq və proseslərin modernləşdirilməsi vasitəsilə daşıyıcılara yanacağa qənaət etməkdə kömək etmək üçün FEGA və FuelIS xidmətlərindən istifadə edir. Qənaət yalnız aviaşirkətlərdən deyil, həm də bütün hava hərəkətinin təşkili (ATM) sistemindən asılıdır. Optimizasiyanın əsas aləti qismində Performance-based Navigation (PBN) çıxış edir. Son altı il ərzində IATA Azərbaycan, Tacikistan və Özbəkistanda PBN əsasında hava məkanı konsepsiyalarının inkişafı üzrə layihələr həyata keçirib, bu da əməliyyat göstəricilərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmağa və yanacaq sərfiyyatını azaltmağa imkan verib", - IATA-nın uçuşlar və əməliyyat fəaliyyəti üzrə direktoru Stüart Foks vurğulayıb.