Azərbaycançılıq məfkurəsinin parlaq nümayəndəsi:
Gündəm / Sosial
23-04-2021, 17:30

Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu, xilaskar, dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədi qalması heç də təsadüfi deyil. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi ağır günlərdə Ulu Öndərin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürməsi xalqın bu dahi şəxsiyyətə sonsuz məhəbbətini daha sarsılmaz və əbədi edib. Bu, sözün əsl mənasında, «Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyərək, meydana atılan Vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığıdır.
Heydər Əliyev həm də Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaratmış dahi şəxsiyyət kimi tarixin yaddaşına həkk olunub. O, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin fundamental şəkildə qurulmasına nail olub.
Etnik, dini, cinsi ayrı-seçkilik salmadan Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad və əmin-amanlıq şəraitində yaşamasını təmin etməklə bərabər, Azərbaycanda müasir milli dövlətçiliyin, eləcə də dünyanın mövcud reallıqları kontekstində davamlılıqlı idarəetmə fəlsəfəsinin yaranması, mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin bütün potensialının milli azadlıq amalı uğurunda səfərbər edilməsi, ictimai-siyasi sabitlik faktoruna istinad edən iqtisadi inkişaf strategiyasının müəyyənləşməsi, hakimiyyət və cəmiyyət arasında milli maraqlara xidmət edən etibarlı həmrəyliyin yaranması kimi taleyüklü məsələlərdə də Heydər Əliyev imzasının olması Onun adının Azərbaycan xalqının milli şurunda güclü Azərbaycanın yaradıcısı kimi həkk olunmasının əsasını təşkil edir.

Onun siyasi fəaliyyətinin hər bir məqamı öz xalqının mədəni itibahına, iqtisadi və siyasi yüksəlişinə xidmət edən uğurlarla zəngindir. Heydər Əliyev Azərbaycanda böyük bir idealogiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoymuşdur. Məhz Onun fədakar mübarizəsi sayəsində Azərbaycan xalqı ən ümdə arzularının reallaşmasına nail olub desək yanılmarıq.
Heydər Əliyev şəxsiyyəti bütün sadaladıqlarımın fövqündədir. Bu ucalıq onun böyük dövlət xadimi, böyük ictimai xadim və bütün bunların hamısından da əvvəl, böyük azərbaycanlı olması faktını qətiyyən kölgədə saxlamır. Bəli, Heydər Əliyev hər şeydən əvvəl zəmanəmizin ən böyük azərbaycanlısı idi və onun idealları bu həqiqətdən qida alırdı.
Bu gün ölkəmiz özünün sosial–iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır.
Hər şeydən öncə Azərbaycan qalib ölkədir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 30 ilə yaxındır ki, düşmən işğalında olan torpaqları işğaldan azad edib və öz dədə-baba torpaqlarından didərgin düşmüş yüzminlərlə insan öz yurd-yuvalarına qayıdır. Azərbaycan həmişəkindən daha çox azad və daha çox müstəqildir. Bu, eyni zamanda, Heydər Əliyevin başlatmış olduğu şərəfli missianın tamamlanması və onun ruhunun şad edilməsidir.
Ölkə rəhbəri, partiyamızın sədri cənab İlham Əliyevin səsləndirdiyi bu dəyərli sözlər bir daha təsdiq edir ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu siyasi kursun uğurla davam etdirilməsi faktı dayanır : "Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik”.
Kənan Kərimov,
YAP Gənclər Birliyinin üzvü