Peşəkarlığı, fədakarlığı və insanpərvərliyi ilə seçilən əsl pedaqoq – Sevinc Məmmədova "Əməkdar müəllim" adına layiqdir!
Sosial
Bu gün, 21:50

Cəmiyyətin inkişafında müəllimin rolu əvəzsizdir. Gələcəyimizin təminatçısı olan uşaqların savadlı, vətənpərvər, yüksək mənəvi dəyərlərə malik vətəndaş kimi yetişməsində müəllim əməyinin xüsusi yeri var. Elə müəllimlər var ki, onlar bu müqəddəs peşəni sadəcə bir peşə kimi deyil, həyat amalı, vicdan borcu və gələcəyə xidmət missiyası kimi qəbul edirlər. Hacıqabul rayonunun Navahı kəndi Mehman Ağayev adına tam orta məktəbin ibtidai sinif müəlliməsi Sevinc Əlioğlan qızı Məmmədova məhz belə müəllimlərdəndir.
Sevinc müəllimə 15 ildən artıqdır ki, ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. O, Müəllimlərin diaqnostik qiymətləndirilməsi və sertifikatlaşdırma imtahanlarında yüksək nəticələr göstərərək öz bilik və peşəkarlığını sübut etmiş, uzun illər ərzində şagirdlərinin təlim-tərbiyəsinə böyük məsuliyyət və yüksək pedaqoji ustalıqla yanaşmışdır.
Onun dərs dediyi şagirdlər məktəbdaxili və məktəbdənkənar bilik yarışlarında, olimpiadalarda və müxtəlif sınaq imtahanlarında dəfələrlə yüksək nəticələr göstərmiş, uğurları ilə həm valideynlərini, həm də məktəbi sevindirmişlər. Bu nailiyyətlər müəllimin zəhmətinin, peşəkarlığının və şagirdlərə fərdi yanaşmasının ən parlaq göstəricisidir.
Sevinc müəllimə şagirdlərinə yalnız oxumağı və yazmağı öyrətmir. O, onların mənəvi dünyasının formalaşmasına, vətənpərvər, savadlı, tərbiyəli və məsuliyyətli vətəndaş kimi yetişmələrinə xüsusi diqqət yetirir. Hər bir şagirdə doğma övladı kimi yanaşır, onların uğurlarına sevinir, çətinliklərini öz problemi hesab edir.
Valideynlər arasında qazandığı böyük hörmət və etimad onun illər ərzində göstərdiyi fədakar əməyin nəticəsidir. Səmimiyyəti, mehribanlığı, yüksək mədəniyyəti və pedaqoji bacarığı ilə Sevinc müəllimə həm məktəb kollektivinin, həm də valideynlərin dərin rəğbətini qazanmışdır.
O, xüsusi günlərdə şagirdləri üçün maraqlı tədbirlər, əyləncəli oyunlar, bayram proqramları və maarifləndirici layihələr təşkil edərək uşaqların məktəb həyatını daha maraqlı və yaddaqalan edir. Bu tədbirlər uşaqlarda məktəbə, müəllimə və elmə olan sevgini daha da artırır.
Bu gün Sevinc Əlioğlan qızı Məmmədova uzun illər ərzində Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələr, yüksək peşəkarlığı, vicdanlı fəaliyyəti və yetişdirdiyi yüzlərlə savadlı şagirdlə əsl müəllim nümunəsinə çevrilmişdir.
Biz – valideynlər olaraq hesab edirik ki, belə müəllimlərin zəhməti dövlət tərəfindən yüksək qiymətləndirilməlidir. Sevinc müəllimənin uzunmüddətli səmərəli fəaliyyəti, şagirdlərinin qazandığı uğurlar, cəmiyyətə verdiyi töhfələr və müəllim adına göstərdiyi sədaqət onun "Əməkdar müəllim" fəxri adına layiq görülməsi üçün kifayət qədər əsas yaradır.
Bu baxımdan Azərbaycan Respublikasının elm və təhsil naziri hörmətli Emin Əmirullayevə müraciət edərək xahiş edirik ki, Hacıqabul rayonu Navahı kəndi Mehman Ağayev adına tam orta məktəbin ibtidai sinif müəlliməsi Sevinc Əlioğlan qızı Məmmədovanın çoxillik səmərəli pedaqoji fəaliyyəti, təhsil sahəsində qazandığı uğurlar və gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlər nəzərə alınaraq onun "Əməkdar müəllim" fəxri adına təqdim olunması istiqamətində müvafiq tədbirlərin görülməsinə dəstək göstərilsin.
Əminik ki, belə nümunəvi müəllimlərin əməyinin dövlət səviyyəsində qiymətləndirilməsi bütövlükdə Azərbaycan təhsilinin inkişafına, müəllim peşəsinin, nüfuzunun daha da yüksəlməsinə və gələcək nəsillərin daha keyfiyyətli təhsil almasına öz töhfəsini verəcəkdir.
Müəllif: Akif Cəfərov
