Pezeşkian İsrailin hava zərbəsi zamanı yaralanıbmış

Gündəm / Dünya
13-07-2025, 16:00
Pezeşkian İsrailin hava zərbəsi zamanı yaralanıbmış

İran Prezidenti Məsud Pezeşkian ötən ay İsrailin hava zərbələri zamanı ayağından yaralanıb.
Bu barədə “Fars” agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, hadisə iyunun 16-da baş verib.
Həmin vaxt Tehrandakı binalardan birinin İranın Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Elə bu vaxtda İsrail ordusu binanın giriş və çıxışlarına 6 ədəd raket zərbəsi endirib.
Zərbə zamanı binada elektrik enerjisi kəsilsə də, rəsmilər fövqəladə çıxış vasitəsilə oradan qaça biliblər. 
Agentlik əlavə edib ki, hücum nəticəsində iclas iştirakçılarının bəziləri, o cümlədən Prezident Pezeşkian təxliyə zamanı ayaqlarından yüngül xəsarət alıb.
Xatırladaq ki, Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində İsrail hakimiyyətinin ona sui-qəsd təşkil etməyə cəhd etdiyini, lakin bunun uğursuz olduğunu açıqlayıb.
Onu da xatırladaq ki, İsraillə İran arasında münaqişə iyunun 13-dən 24-dək davam edib.