18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Gündəm / Sosial
18-10-2025, 17:12





 Özbəkistan    Dövlət    Dünya   Dilləri   Universitetinin   “Azərbaycan dili”   mərkəzində, hazırda  həmin universitetin  “Pedaqogika və Psixologiya” kafedrasında   ölkələrarası  “Anlaşma  Memorandumu”(MoU)   əsasında   fəaliyyət  göstərən  müəllimləri  p.f.d.Şəfiqə Tahirova  və  baş müəllim  Türkan  Ömərovanın təşkilatçılığı ilə  18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə Amerika Tətbiqi Dilçilik Assosiasiyasının üzvü,  “İlin qadını 2022” milli müsabiqəsinin Qran Pri mükafatçısı,  “Eksperimental fonetika” elmi-təcrübi laboratoriyasının rəhbəri,  “Şöhrət” medallı laureat,   Özbəkistan Dövlət Dünya Dilləri Universiteti İngilis Dili 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor   Guli  Ergasheva,  “ Pedaqogika və Psixologiya ” kafedrasının  bir qrup müəllimi  və tələbələr istirak etdilər.

Tədbirin açılışında  Türkan Ömərova   müəllim və tələbə heyətini salamladıqdan sonra  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

 Himn  səsləndirildikdən sonra Ş.Ş. Tahirova  Dövlət Müstəqilliyinin Bərpası Gününün tarixi əhəmiyyəti, bugünün Azərbaycan dövlətçiliyi tarixində tutduğu  əhəmiyyəti   haqqında tədbir iştirakçılarına məlumat verdi.
Ş.Ş. Tahirova    çıxışında, həmçinin qeyd etdi ki, müstəqilliyimizin bərpası xalqımızın ən böyük  uğurlarından biridir  və bu zəfərin möhkəmləndirilməsi, Ulu öndər  Heydər Əliyevin siyasi kursunun   layiqli davamçısı,  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı  və dinamik   inkişafının   əsasını təşkil etdiyini   bir  daha  iştirakçıların diqqətinə çatdırdı.

Çıxışdan sonra  tədbirdə  Azərbaycan tarixi  haqqında   ingilis dilində  videoçarx nümayiş olundu, daha  sonra müasir   Azərbaycan 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğu  və  1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edilməsi ilə Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açıldığı və  ərazi bütövlüyünün bərpası, 30 il sonra – Azərbaycanın suveren haqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə edərək əldə etdiyi Qarabağ zəfərinin ardından mümkün olduğu  və     bu həqiqətlər  haqqında   rus  dilində də    slaydlar   nümayiş olundu.   

Tədbirdə, həmçinin   vətənpərvərlik ruhunu özündə əks etdirən  mahnılar  səsləndirilmış və özbək tələbələrinin:  Bahodirova Muxlisa, Omonova Intizor, Abdumuminova Risolabonu, Shakarbayeva Nasiba, Usmonova Diyora, Nəsrullayeva  Dilfuza,   Qoyibnazarova Okilaxon,  Dövlətnəzərova   Məftunə, Mədrəhimova  Jumaqul,  Abdumannopova   Аidаnın  ifasında Azərbaycan dilində  vətənpərvərlik seirləri söylənildi. 

Tədbirin sonunda fakültə  dekanı çıxış  edərək, tədbirdən məmnun qaldığını və belə tədbirlərin  keçirilməsini ölkələrarası münasibətlərin, o cümlədən də  ali məktəblərarası  münasibətlərin  getdikcə  daha da  möhkəmləndirəcəyini   qeyd edərək, belə tədbirlərin keçirilməsində daim dəstək olacağını diqqətə çatdırdı və  belə bir mərkəzin  onların universitetində  fəaliyyət göstərilməsində  Azərbaycan  Dillər   Universitetinin rəhbərliyinə minnətdarlığını ifadə etdi.

 Tədbirin sonunda tələbələrə  üzərində Azərbaycan Dillər Universitetinin  və Özbəkistan    Dövlət    Dünya   Dilləri   Universitetinin   loqosu  olan tədris ləvazimatları   hədiyyə olundu.