Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb

Gündəm / Dünya
Bu gün, 15:46
Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi elçilərinin yazın sonu, yayın əvvəlində ölkəyə səfər edə biləcəklərini deyib.

Bu barədə Zelenski Ukraynanın müdafiə naziri Rüstəm Umerovun mayın 7-də Mayamidə ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə keçirdiyi görüşlər barədə məruzəsinin yekunları üzrə sosial şəbəkələrdə məlumat yayıb və danışıqların məzmunlu olduğunu qeyd edib.

"Biz zəruri səfərlərin qrafikini əlaqələndiririk və ABŞ prezidentinin elçilərinin yazla yayın qovuşağında Kiyevə gəlişini gözləyirik. Ümid edirik ki, bu dəfə planlarımızı həyata keçirməyə və diplomatiyanı fəallaşdırmağa nail olacağıq", - Zelenski qeyd edib.

O əlavə edib ki, Mayamidəki müzakirələr zamanı tərəflər humanitar məsələlərə, o cümlədən hərbi əsirlərin mübadiləsinin davam etdirilməsinə toxunublar.

"Biz təhlükəsizliyə zəmanət verə biləcək razılaşmaların detallarını dəqiqləşdiririk", - Zelenski bildirib.

O, konstruktiv yanaşmanın vacibliyini vurğulayıb və Ukraynanı, həmçinin ABŞ ilə ikitərəfli münasibətləri möhkəmləndirmək yolu ilə sülhə doğru irəliləməyin zəruriliyini qeyd edib.