Kuba Prezidenti ABŞ-nin yeni sanksiyalarını cinayət adlandırıb
Gündəm / Sosial / Dünya
Bu gün, 08:43

Kuba Prezidenti Miqel Dias-Kanel ABŞ administrasiyasının mayın 1-də verdiyi və üçüncü dövlətlər tərəfindən Kubaya neft tədarükünə qadağa qoyan icra fərmanını qeyri-əxlaqi, cinayətkar və qanunsuz olaraq xarakterizə edib.
Bu barədə Kuba lideri "X" sosial media hesabında yazıb.
"Kubaya yanacaq satmağa çalışan üçüncü ölkələri təqib etməyə və qorxutmağa yönəlmiş [ABŞ-nin Karib dövlətinə qarşı ticarət-iqtisadi] blokadasını misli görünməmiş miqyaslara çatdıran, Kubanın [iqtisadiyyatına] sərmayə qoymaqda və ya bizə ilk zərurət mallarının - ərzaq, dərman, gigiyena vasitələri və digərlərinin elementar tədarükündə maraqlı olan şirkətləri cəzalandıran icra fərmanı qeyri-əxlaqi, qanunsuz və cinayətkar xarakter daşıyır", - Dias-Kanel qeyd edib.
Onun sözlərinə görə, Kuba əhalisinin məruz qaldığı kollektiv cəza "soyqırımı aktıdır".
Qeyd edək ki, ABŞ administrasiyası mayın 1-də əlavə məhdudlaşdırıcı tədbirlər - Karib respublikasına yanacaq tədarük etməyi planlaşdıran dövlətlərə qarşı energetika sahəsində sanksiyaları nəzərdə tutan icra fərmanı tətbiq edib.