Niftalı Namazlı: “Mənə setdə ‘balaca azəri cücəsi’ deyən türkiyəli aktyorun cavabını verdim”

Gündəm / Sosial
3-06-2026, 12:43

Həyatımı sənətsiz, aktyorluq olmadan təsəvvür edə bilmirəm. Bu peşə mənim üçün ruhumun bir parçasıdır. İnsan sevdiyi işi görəndə yorulmur, hər yeni obraz mənə yeni nəfəs verir. Təbii ki, bu yolun pərdəarxası, tamaşaçının görmədiyi tərəfləri rəngarəng hadisələrlə doludur.

“Diriliş Ertuğrul” setində yaşanan gərginlik

İlk rol aldığım layihə Türkiyənin məşhur “Diriliş Ertuğrul” serialı olub. Orada epizodik kəndli obrazını canlandırırdım. Çəkilişdə serialın tanınmış aktyorlarından olan Batuhan Karacakaya ilə sözümüz çəp gəldi. Həmin vaxt o, mənə hörmətsizlik edərək “balaca azəri cücəsi” dedi. Bu tərbiyəsizliyin qarşısında susmadım, dərhal sərt reaksiyamı verdim. Üzünə: “Sən çox ədəbsiz və tərbiyəsiz bir aktyorsan!” deyərək öz həddini bildirdim. Sənətdən əvvəl insanlıq və həmkarına hörmət gəlir.

"Mehmetçik Kut'ül-Amare" (2018) və ürəyimdə qalan o bayraq həvəsi...

Türkiyədə rol aldığım digər bir böyük tarixi layihə isə 2018-ci ildə çəkilən "Mehmetçik Kut'ül-Amare" serialı olub. Ekran işinin bir bölümündə əsgər obrazını canlandırırdım. Ssenariyə görə, mən əsgər ordusunun tam qarşısında Türk bayrağını qaldıracaq idim. Bu səhnə üçün çox böyük bir həvəsim, həyəcanım var idi. Lakin o zamanlar boyumun nisbətən kiçik olması səbəbindən bu istəyim reallaşmadı, vizual olaraq fərqli qərar verildi. Bu gözəl həvəs mənim içimdə, ürəyimdə unudulmaz bir sənət xatirəsi kimi qaldı.

Azər Axşamla işləmək gözəl hissdir, bəs Nicat Rəhimov?

Yaradıcılığımın əyləncəli tərəfləri yerli televiziya və serial layihələrimizlə bağlıdır. "Bişir Qazan" verilişində Azər Axşamla çalışmaq çox gözəl idi. O, emosional, sevimli və zarafatcıl biridir. "Zarafat bir yana" verilişində və "Şirin" serialında isə Nicat Rəhimovla birlikdə çalışmışıq. Nicat sənətinə böyük hörmət bəslədiyim, olduqca savadlı, potensiallı və intellektual bir aktyordur. Onunla tərəf-müqabili olmaq böyük şansdır.

Soyuq havada yaşanan dram: "Oğurluq Həyat" və ata özləmi

Mənə mənəvi olaraq ən çox təsir edən səhnə “Oğurluq Həyat” serialında olub. Ssenariyə görə obrazımı qaçırmışdılar. Atam məni xilas etməyə gəlirdi və mən ona doğru qaçıb, bərk-bərk qucaqlayırdım. Çəkiliş günü hava inanılmaz dərəcədə soyuq idi, dondurucu şaxta var idi. Amma çətinliyə baxmayaraq, işimizi layiqincə gördük. Sonradan layihədən çıxarılsam da, rejissor Emil müəllimdən incimədim, yaddaşımda yaxşı biri kimi qalacaq.
Həmin səhnədə Nadir Azməmmədovla qucaqlaşdığımız an qəlbimdə dərin iz qoydu. Çünki real həyatda ata qayğısını, ata sevgisini çox görməmişəm, bu hissdən uzaq böyümüşəm. Səhnəni oynayarkən içimdəki o gerçək ata özləmini yaşadım. Aktyor bəzən canlandırdığı rola öz real həyatının ağrılarını və həsrətlərini də qatır...

"Mənə 'kasta uyğun deyilsən' deyənlər əslində haqlı idilər"

"Oğurluq Həyat" serialına başlayanda bəzi həmkarlarımdan qəribə sözlər eşidirdim. Mənə: “Niftalı, sən o serialın kasta uyğun deyilsən, özünə hörmət et, ora getmə” deyirdilər. Əslində, mənə o sözü deyənlər mənim potensialımı, sənətə olan ciddi yanaşmamı və peşəkarlığımı nəzərdə tuturdular. Mən bir aktyoram və onlar istəyirdilər ki, mən öz enerjimi daha fərqli layihələrə sərf edim. Amma mən bütün o deyilənlərə baxmayaraq, sənətimə olan sevgimə görə o layihədə yer aldım və işimi layiqincə gördük.

Maraqlıdır ki, o vaxt "ora getmə, o kasta uyğun deyilsən" deyib kənardan ağıl verənlərin çoxu hazırda işsizlikdən sosial şəbəkələrdə vaxt öldürür. Mən ise soyuqda, şaxtada canımı qoyub işimi görürəm, ekrandayam. Başqasının işini kənardan bəyənməməklə aktyor olmaq olmaz. İnsan gərək hər şeydən əvvəl sənətlə məşğul olsun. Kimin hara layiq olduğunu zaman və tamaşaçı rəyi göstərir.

Gənc kadrlar zəif olsa da, təcrübəli sənətkarlardan çox şey öyrəndim
Bəli, serialın heyətində gənc kadrlar çox idi və açığı, onlarda aktyorluq sıfır səviyyəsində idi. Bunu izləyən tamaşaçılar özləri də şərh bölmələrində qeyd edirdilər. Amma digər tərəfdən, həmin layihədə Siyavuş Kərimov və Nadir Azməmmədov kimi illərin təcrübəsinə malik dəyərli sənətkarlarımız var idi. Onlarla eyni mühitdə olmaq, tərəf-müqabili olmaq mənim üçün əhəmiyyətli idi.

"Aktyorluq və bloqerlik tamamilə fərqli işlərdir"

Sənət sahəsində canımı ağrıdan bir məqamı mütləq bölüşmək istəyirəm. Bu gün bəzi həmkarlarımız sosial şəbəkələrdə, canlı yayımlarda izləyicilərdən hədiyyə dilənirlər. Aktyorluğu bloqerliklə, o ucuz şoularla səhv salmaq olmaz, çünki bunlar tamamilə fərqli sahələrdir.
Əslində, mən bloqerlik sahəsinə əsla pis baxmıram. Azərbaycanda bu işi düzgün dərk edən, cəmiyyətə gözəl ötürən, çox böyük potensialı olan, maraqlı və komedik paylaşımlar edən bloqerlərimiz var ki, mən özüm də onları sevərək və zövqlə izləyirəm. Amma məsələ budur ki, belə peşəkarlar ölkədə çox azdır. Digərləri isə sadəcə ucuz reytinq arxasınca qaçır.

Bir aktyorun isə öz çəkisi, sənətinin bir ləyaqəti olar. Ekran qarşısında özünü kiçildib üç-beş manatlıq "hədiyyə" üçün min bir oyundan çıxmaq aktyora yaraşmaz. Üstəlik, real həyatda hər cür "hoqqa" çıxarırlar, sonra da canlı yayım açıb bəraət qazanmağa çalışırlar ki, bəs “mən aktyorluq edirəm, bu mənim obrazımdır”. Nə obraz e?! Obrazın yeri çəkiliş meydançası və teatrdır, TikTok-un canlı yayımları deyil. Sənət ucalıqdır, o ucalığı ucuzlaşdırmağa heç kimin haqqı yoxdur.

"İnsanlar hələ də dərk edə bilmir ki, mən aktyoram, işim rol oynamaqdır"

Sosial şəbəkələrdə və küçədə tamaşaçılardan çox fərqli reaksiyalar alıram. Böyük əksəriyyət məni sevərək izlədiyini, fərqli bir tipaj olduğumu deyir. Hətta mənə dramatik rolların yaraşdığını qeyd edirlər. Lakin mənfi rəylər də az deyil. Məsələn, Suna ilə "Yeməyə Dəyər" layihəsində iştirak edəndə şərh bölmələrində ancaq təhqir etdilər. İnsanlar hələ də dərk edə bilmirlər ki, mən aktyoram! Orada mənə kənardan heç kim rol verməmişdi, tamamilə özüm bir aktyor kimi obraz yaratmışdım. Bu mənim peşəmdir və mən orada sadəcə aktyorluq bacarığımı nümayiş etdirirdim.
Eyni şeyi "Zarafat bir yana" layihəsində müğənni Roza Zərgərliyə verdiyim sualda da yaşadım. Oradakı emosionallığım aqressiv qarşılandı, təhqir və böhtan atanlar tapıldı. Amma mən bunları normal qəbul edirəm. Hər kəsə özümü sevdirmək məcburiyyətində deyiləm. Haqqımda xoş sözlər yazanlarla yanaşı, tənqid edənlər də olacaq. Hər kəsin zövqü fərqlidir, mən işimi sevirəm.

Tarixi layihələr: "Tağıyev" və "Nargin" filmlərindəki ciddi sənət əməyi

Televiziya və şou layihələrimizdən əlavə, mənim üçün çox dəyərli olan irimiqyaslı tarixi filmlərimi xüsusi qeyd etmək istəyirəm. "Tağıyev" bədii filmində maraqlı bir Avropalı obrazını canlandırmışam. Bununla yanaşı, Türkiyə-Azərbaycan ortaq tariximizə işıq salan, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş "Nargin" bədii-sənədli filmində də yer almışam.

Hər iki filmdə çəkilişlər zamanı hər bir xırda detala, səhnəyə saatlarla vaxt sərf edildi, böyük bir əmək qoyuldu. Belə tarixi layihələrin çəkiliş prosesi aktyordan böyük məsuliyyət tələb edir. Nəticədə ortaya həqiqətən də çox möhtəşəm, keyfiyyətli və gələcək nəsillərə qalacaq sənət əsərləri çıxdı. Bir aktyor kimi ekranın şou tərəfi ilə yanaşı, belə fundamental, tarixi və irimiqyaslı ekran işlərində yer almaq mənim üçün bütöv bir sənət qürurudur.