“Dağ çiçəkləri” ədəbi məclisi fəaliyyətini bərpa edir

Gündəm / Sosial
20-07-2024, 12:02
“Dağ çiçəkləri” ədəbi məclisi fəaliyyətini bərpa edir

İsmayıllının zəngin ədəbi mühitində xüsusi yeri olan “Dağ çiçəkləri” ədəbi məclisi iki illik fasilədən sonra fəaliyyətini yenidən bərpa edir.
Məclisin yenidən fəaliyyətə başlaması münasibətilə onun yaradılmasında və inkişafında mühüm xidmətləri olmuş, bu gün aramızda olmayan görkəmli qələm sahibləri – Xalq şairi Musa Yaqub, şair Əkrəm Məmməd, şair-yazıçı Məmməd Mirzə, eləcə də 20 ildən artıq məclisə rəhbərlik etmiş, yaxın zamanlarda vəfat etmiş şair Nazir Ziya Talıstanlının əziz xatirəsi dərin ehtiramla yad edilir. Onların Azərbaycan ədəbiyyatına və İsmayıllının ədəbi mühitinə verdikləri töhfələr minnətdarlıq hissi ilə xatırlanır.
“İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin təşəbbüsü ilə fəaliyyətini bərpa edən “Dağ çiçəkləri” ədəbi məclisinin toplantıları əvvəlki ənənəyə uyğun olaraq hər ayın ilk şənbə günü İsmayıllı Rayon Uşaq Kitabxanasında keçiriləcək.
Qərara əsasən, məclisə rəhbərlik Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin sədri, şair-tərcüməçi Şahməmməd Soltanova (Dağlaroğlu) həvalə olunub.
İlk toplantı 3 avqust 2024-cü il tarixində saat 10:00-da İsmayıllı Rayon Uşaq Kitabxanasında keçiriləcək. Toplantıya rayonun ədəbi mühitinin fəalları, şair və yazıçılar, gənc qələm sahibləri, eləcə də ədəbiyyatsevərlər dəvət olunurlar.
“İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyi bütün ədəbiyyatsevərləri bu ənənəvi ədəbi ocağın yenidən fəaliyyətə başlamasına dəstək olmağa, məlumatı geniş ictimaiyyət arasında paylaşmağa və tədbirdə fəal iştirak etməyə çağırır.