Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Gündəm / Siyasət
Bu gün, 12:18
Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH


Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı iştirak etdiyi tədbirlər və verdiyi müsahibə muxtar respublikanın qarşıdakı dövrdə artacaq strateji əhəmiyyətinə bir daha diqqət yönəldib. Ölkə başçısının nəqliyyat, enerji və təhlükəsizlik məsələlərinə dair fikirləri göstərir ki, Naxçıvanın coğrafi mövqeyinin siyasi və iqtisadi dəyəri yeni regional reallıqlar fonunda ciddi şəkildə artır. Bu dəyişimin isə əsas istiqamətlərindən biri TRIPP layihəsidir.

Sözügedən layihə Azərbaycanın tranzit potensialını və nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, uzun illər blokada şəraitində qalmış Naxçıvanın regional mövqeyinin köklü şəkildə dəyişməsi üçün yeni imkanlar yaradır. Layihənin həyata keçirilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən birbaşa quru bağlantısının formalaşmasına şərait yaradacaq. Bu isə muxtar respublikanın nəqliyyat təcridinin aradan qalxması və Azərbaycanın vahid nəqliyyat sisteminə daha sıx inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Şanlı Zəfərdən sonra Azərbaycanın əsas məqsədlərindən biri də Naxçıvanla quru əlaqəsinin yaradılması olub. Prezident Naxçıvana səfəri zamanı bu məqama xüsusilə toxunub: "Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub". Bu fikir də sübut edir ki, TRIPP layihəsi Azərbaycan üçün sadəcə yeni nəqliyyat xətti deyil, həm də ölkənin coğrafi baxımdan ayrı düşmüş iki hissəsi arasında birbaşa bağlantının yaradılması və bu bağlantının daha geniş regional nəqliyyat sisteminə inteqrasiyası baxımından strateji xarakter daşıyır.


Muxtar respublikanın Türkiyə, İran və Ermənistanla həmsərhəd olması da bu layihə çərçivəsində ona xüsusi üstünlük verir. TRIPP sayəsində Azərbaycanın əsas hissəsi, Türkiyə və İran arasında mühüm nəqliyyat halqasına çevrilə bilər. Belə bir vəziyyət isə Naxçıvana iqtisadi və geosiyasi üstünlük təmin edəcək. Yəni, Türkiyə ilə əlaqələr daha da güclənəcək, İran istiqamətindəki nəqliyyat imkanları genişlənəcək, regional ticarət dövriyyəsindəki rolu artacaq. Həm də nəzərə almaq lazımdır ki, TRIPP Naxçıvan üçün eyni zamanda Orta Dəhliz və Şimal-Cənub marşrutları baxımından da üstünlük deməkdir və qlobal miqyasda çəkisini artırır. Avropa ilə Asiyanı, Şimal ilə Cənubu birləşdirən bu nəqliyyat istiqamətləri dünya ticarətinin və logistikasının yenidən formalaşdığı bir dövrdə daha böyük əhəmiyyət qazanır. Bu marşrutların bir-biri ilə əlaqələnməsi Naxçıvana regional sərhədləri aşan nəqliyyat imkanları verə bilər. Ukrayna-Rusiya müharibəsi nəticəsində Asiyadan Avropaya yük daşınmasındakı təhlükəsizlik və qeyri-sabitlik, Yaxın Şərqdəki münaqişələr, enerji və ticarət yollarındakı problemlər və ləngimələr fonunda dünya üçün alternativ, təhlükəsiz və çevik nəqliyyat marşrutu yenidən gündəmə gəlib. Bu fonda yuxarı adı çəkilən dəhlizləri əlaqələndirən Naxçıvanın dünya miqyasında da çəkisinin artacağını əminliklə söyləmək olar. Bu da muxtar respublikanın əhəmiyyətini Azərbaycan və Cənubi Qafqaz miqyasından çıxararaq daha geniş Avrasiya və qlobal logistika sisteminə daşıyır.


Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər və açıqladığı rəqəmlər də bu perspektivin miqyasını açıq şəkildə gözlər önünə sərir: "Bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin". Bu, Naxçıvanın gələcəkdə yalnız daxili və regional yük daşımalarının təmin olunduğu ərazi deyil, beynəlxalq tranzit axınlarının mühüm hissəsinin keçdiyi logistika mərkəzi kimi formalaşdırılmasının nəzərdə tutulduğunu göstərir.

Yuxarıda da qeyd etdiyimiz kimi, TRIPP yalnız Ermənistan ərazisindən keçən bağlantının yaradılması ilə yekunlaşmır. Eyni zamanda muxtar respublikanın da nəqliyyat infrastrukturu yenilənir. Prezident müsahibəsində Naxçıvan dəmir yolunda işlərin başladığını, Ordubad və Sədərək istiqamətlərində mövcud olmayan hissələrin yenidən tikiləcəyini bildirib. Bu isə layihənin Naxçıvanın bütövlükdə nəqliyyat sisteminin yenidən qurulmasına təsir göstərəcəyini ortaya qoyur. Nəqliyyat imkanlarının bu səviyyədə yenilənməsi və genişlənməsi paralel olaraq Naxçıvanın iqtisadi inkişafı üçün də yeni mərhələyə keçid deməkdir. Çünki böyük bazarlara yük axınının təmin edilməsi, böyük bazarlara yaxınlıq ərazidə logistika, anbar təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin də inkişafı deməkdir. Bundan əlavə, yeni investisiyaların cəlbi, biznes imkanlarının genişlənməsi, yeni istehsal müəssisələrinin artması da muxtar respublikanın məşğulluğuna ciddi şəkildə təkan verəcək. Buna görə də TRIPP layihəsinə həm də iqtisadi strukturun dəyişməsi imkanı kimi da baxmaq lazımdır.


Bu da o mənaya gəlir ki, Naxçıvan üçün yeni dövr başlayır. Vaxtilə coğrafi mövqeyi onu təcrid mövqeyinə salsa da, bu gün regional və qlobal şəraitin dəyişməsi həmin coğrafi mövqeyi geosiyasi üstünlüyə çevirir. Yəni, TRIPP layihəsi muxtar respublikanın uzun illər davam edən nəqliyyat təcridindən çıxması, coğrafi mövqeyinin iqtisadi və geosiyasi üstünlüyə çevrilməsi və Azərbaycanın regional nəqliyyat sistemində daha böyük çəki qazanması üçün strateji imkan yaradır. Prezidentin açıqladığı 15 milyon tonluq yükdaşıma hədəfi də Naxçıvanın qarşıdakı dövrdə hansı miqyasda nəqliyyat mərkəzinə çevrilə biləcəyini göstərir. Bu potensial reallaşarsa, muxtar respublikanın əhəmiyyəti yalnız Azərbaycanın nəqliyyat sistemində deyil, daha geniş Avrasiya ticarət və logistika xəritəsində də əhəmiyyətli dərəcədə artacaq...(Report)