2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

Gündəm / Sosial
Bu gün, 13:45

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb.

Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.

Çempionat 22 ölkədə keçirilməklə 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki "Sahir" trasında baş tutacaq.

"2027-ci il FIA "Formula 1" üzrə dünya çempionatının təqvimi idmanımızın qlobal miqyasda artan populyarlığını və davamlı inkişafını aydın şəkildə nümayiş etdirir. Beş qitədə 24 Qran-prinin keçirilməsi, Portuqaliya və Türkiyənin təqvimə qayıtması, eləcə də sprint yarışları proqramının genişləndirilməsi ən yüksək idman standartlarını qorumaqla ənənələri, yenilikləri və azarkeş marağını bir araya gətirir. "Formula 1" rəhbərliyinə, promouterlərə, milli idman federasiyalarına, FIA-nın rəsmilərinə və könüllülərinə, eləcə də bütün tərəfdaşlarımıza əməkdaşlığa və göstərdikləri səylərə görə təşəkkür edirəm. Birgə fəaliyyətimizlə FIA "Formula 1" üzrə dünya çempionatını daha da gücləndirməyə və həm iştirakçılar, həm də dünyanın hər yerindəki azarkeşlər üçün möhtəşəm mövsüm keçirməyə davam edirik", - deyə FIA-nın prezidenti Məhəmməd ben Sulayem bildirib.

"Formula 1"in prezidenti və baş icraçı direktoru Stefano Domenikali də fikirlərini bölüşüb:

"2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək "Formula 1"in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır. Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə "Formula 1"i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir. "Formula 1" bütün dünyada inkişafını davam etdirir və yeni auditoriyalar qazanır. Dünyanın hər yerindən azarkeşlərimizə təşəkkür edirəm - gördüyümüz hər bir işin arxasında məhz onların bu idmana olan sevgisi dayanır. Həmçinin, FIA prezidenti Məhəmməd ben Sulayemə və FIA-ya, komandalarımıza və pilotlarımıza, promouterlərə, tərəfdaşlara, sponsorlara və yarışlara ev sahibliyi edən şəhərlərə davamlı dəstəklərinə və əməkdaşlıqlarına görə təşəkkür edirəm. Hər bir Qran-prinin keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmilərin fədakar əməyini də xüsusi qeyd etmək istərdim".

Beləliklə, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixdə - 24–26 sentyabrda keçiriləcək.