Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır

Ukrayna "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünə zəruri olan ABŞ müdafiə naziri Pit Heqsetin imzasını artıq təxminən bir aydır gözləyir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "telegram" kanalında bildirib.
Onun sözlərinə görə, Ukraynanın müdafiə naziri, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı və XİN rəhbəri hava hücumundan müdafiə sistemləri, ilk növbədə "Patriot" kompleksləri üçün ələ keçiricilərin tədarükü ilə bağlı vəziyyət barədə məruzə ediblər.
"Bir neçə istiqamətdə işləyirik: Birləşmiş Ştatlar, Avropa və PAC-2 və PAC-3 raketlərinin ehtiyatına malik olan digər tərəfdaşlarla. Xüsusən də, "Patriot" və NASAMS raketləri üzrə cənab Heqsetin imzasını artıq təxminən bir aydır gözləyirik. Bunu ABŞ tərəfi ilə bir daha müzakirə etməyi tapşırdım. Digər ölkələrlə də danışıqlar davam edir", - V.Zelenski yazıb.
Müşavirə iştirakçıları həmçinin Ukraynaya müdafiə dəstəyi üzrə təmas qrupunun "Ramştayn" formatında noyabr görüşünə hazırlığı müzakirə ediblər.
Zelenski Ukraynaya dəstək barədə əvvəllər qəbul edilmiş qərarların icrasını sürətləndirməyin vacibliyini vurğulayaraq, hər bir yardım paketinin insanların həyatını qorumağa imkan verdiyini qeyd edib.