"Artıq doğma Qarabağımıza həyat qayıdır"
Sosial
24-09-2024, 14:11

"Qarabağ və Şərqi Zəngəzur bu gün çiçəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin hər səfəri zamanı işğaldan azad edilmiş torpaqlarımızda yeni təməllərin atılması və açılışların edilməsi ilə əlamətdardır. 19-20 sentyabr tarixlərində də dövlətimizin başçısının Qarabağa səfəri bu baxımdan xüsusi vurğulanmalıdır”.
Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, artıq doğma Qarabağımıza həyat qayıdır. Doğma sakinlərinin qayıdışı, aparılan quruculuq işləri bu torpaqlara yeni nəfəs verir. Prezidentimizin Qarabağda atdığı yeni təməllər və açılışını etdiyi müəssisələr bu diyarın gələcək tərəqqisində müstəsna əhəmiyyət kəsb edir. Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması isə bölgənin elm və təhsil mərkəzi kimi də önəmini artıracaq. Qarabağ tarixən görkəmli ziyalılar yetişdirən yurd olub. Yeni fəaliyyətə başlayan univerisitet də bu ənənəni davam etdirəcək.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə dərinməzmunlu çıxış etdi. Dövlətimizin başçısı çıxışında keçmiş münaqişənin tarixi, 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatı və azad edilmiş ərazilərdə quruculuq işləri barədə fikirlərini bildirdi. Cənab Prezidentin dediyi kimi, 30 il davam edən danışıqlar prosesinə baxmayaraq Ermənistan işğal etdiyi torpaqlarımızı sülh yolu ilə geri qaytarmadı. Buna görə də, 2020-ci ildə 44 günlük Vətən müharibəsində dövlətimiz öz gücü ilə ərazilərimizi azad etdi. Bu müharibədə erməni ordusu darmadağın edildi, rəsmi İrəvan kapitulyasiyaya imza atmağa məcbur oldu. Buna baxmayaraq, qalib Azərbaycan bölgənin gələcək rifahı naminə Ermənistana sülh sazişi imzalamağı təklif etdi. Lakin qarşı tərəf yenə də ona uzanan sülh əlini qəbul etməyərək müxtəlif bəhanələrlə prosesi uzatmaq yolunu tutdu. 44 günlük Vətən müharibəsi onlar üçün dərs olmadı. Eyni zamanda, Qarabağın erməni sakinlərinə reinteqrasiya təklif edildi, dəvətlər oldu, təşəbbüslər göstərildi. Lakin xunta razılaşmadı. Azərbaycanın bütün kommunikasiyaların açılması, Xankəndiyə əlavə yollar, istənilən yük daşımaları təklifini də xunta rejimi mənfi cavablandırdı. Əvəzində isə onlar "blokada və soyqırımı” iddiaları ilə yalan üzərində qurulmuş kampaniya aparırdılar. Onlar nə yolun işləməsinə imkan verirdilər, nə də Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul edirdilər. Erməni tərəfi ümid edirdi ki, hansısa xarici havadarlarının dəstəyi ilə Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirə biləcəklər. Lakin Prezident İlham Əliyevin dediyi kimi, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməzdi. Xalqımız bu müqəddəs mübarizədə Ali Baş Komandan və ordumuzun ətrafında yumruq kimi birləşdi.
"Beləliklə, Azərbaycan xalqı olaraq şərəfli və qürurlu tarix yaşayırıq. Suverenliyimizin bərpasının parlaq nümunəsi olaraq ötən il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda üçrəngli bayrağımızı ucaltmasını sonsuz iftixar və qürur hissi ilə izlədik. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması cənab Prezidentin fəaliyyətinin zirvəsini təşkil edir. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev gələcək Zəfərlərimizin də təminatçısıdır. Bu tarixi zəfərlər müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Böyük Zəfər uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Təbii ki, bu Zəfərin əsas qəhrəmanı Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə və antiterror tədbirləri zamanı bütün təzyiqlərin qarşısını alaraq Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bununla da, Azərbaycan dövlətinin və xalqının gücünü və haqlı olduğunu bütün dünyaya nümayiş etdirdi! Bundan sonrakı mərhələdə isə doğma Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində möhtəşəm işlər davam etdiriləcək və keçmiş məcburi köçkünlərimiz doğma yurdlarına qayıdacaqlar. Bu doğma yurdlarımız yenidən ölkəmizin dilbər guşəsinə çevriləcək, insanlarımız xoşbəxt və firəvan həyat sürəcəklər!”,-deyə Fatma Yıldırım vurğulayıb.