Bu gün İctimai-siyasi və dövlət xadimi, “Şöhrət” ordeni laureatı Kamran Hüseynovun anım günüdür

Sosial / Mədəniyyət
19-04-2026, 18:16

19 aprel Azərbaycan ictimai-siyasi və dövlət xadimi, “Şöhrət” ordeni laureatı Kamran Hüseynovun anım günüdür.
Anım günü ilə əlaqədar mərhumun ailə üzvləri və yaxınları onun məzarını ziyarət ediblər.
Xeber24.online xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Deputat paylaşımında atasının xatirəsini ehtiramla yad edərək bildirib ki, Kamran Hüseynovun vəfatından 20 il keçməsinə baxmayaraq, onun yoxluğu deyil, varlığı daha dərindən hiss olunur:
“Bu gün atam Kamran Hüseynovun anım günüdür. Artıq 20 ildir ki, cismən aramızda deyil… Amma zaman onun yoxluğunu deyil, varlığını daha dərindən hiss etdirməyi bacarır. O, hər an qəlbimizdə, xatirələrimizin ən işıqlı guşəsində bizimlədir.”
H.Hüseynova qeyd edib ki, bu gün ailə üzvləri ilə birlikdə atasının məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub və ruhuna dualar oxuyublar.
Paylaşımda vurğulanıb ki, Kamran Hüseynov xalqına sədaqətlə xidmət edən, dövlətçilik ənənələrinə sadiq qalan görkəmli şəxsiyyət olub. Ümummilli lider Heydər Əliyevin onu “nadir şəxsiyyət” adlandırdığı xatırladılaraq, Sumqayıt, Mingəçevir, Neftçala və Naftalan şəhərlərinin inkişafında onun mühüm xidmətlərinin olduğu bildirilib.
Deputat həmçinin atasının yalnız dövlət xadimi kimi deyil, həm də qayğıkeş ata və mehriban baba kimi xatirələrdə yaşadığını qeyd edib.
Sonda Hicran Hüseynova atasına müraciətlə bildirib:
“Ruhun şad olsun, əziz atam… Məkanın cənnət olsun. Sən bizim yaddaşımızda deyil, həyatımızın özündə yaşayırsan.”