Şahməmməd Dağlaroğlunun çağdaş özbək şairlərinin əsərlərindən ibarət antologiyası Daşkənddə nəşr olunub
Sosial
18-06-2024, 12:04

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin sədri, şair-tərcüməçi Şahməmməd Dağlaroğlunun çağdaş özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə etməsi əsasında hazırladığı antologiya Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində işıq üzü görüb.
“Dostlara hədiyyə” adlı toplu Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi, iki qardaş xalqın poeziya nümunələrinin qarşılıqlı tanıdılması istiqamətində mühüm nəşrlərdən biri hesab olunur.
Kitabın nəşri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin məsul əməkdaşlarının yaxından dəstəyi ilə həyata keçirilib. Antologiyada çağdaş özbək şairlərinin müxtəlif mövzularda qələmə aldıqları şeirlər Azərbaycan dilində oxuculara təqdim olunur.
Şair-tərcüməçi Şahməmməd Dağlaroğlu antologiyanın ərsəyə gəlməsində əməyi olan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivinə, layihəyə dəstək göstərən hər kəsə səmimi minnətdarlığını bildirib. O, həmçinin əsərləri topluda yer alan özbək şairlərinə yeni yaradıcılıq uğurları arzulayaraq, Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
“Dostlara hədiyyə” antologiyası iki qardaş xalqın ortaq mədəni dəyərlərinin təbliği, qarşılıqlı ədəbi tərcümə ənənələrinin zənginləşdirilməsi və Azərbaycan ilə Özbəkistan arasında humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verən nəşr kimi dəyərləndirilir.