Şəhidin evini çəkə bilməzsiniz! - VİDEO

Gündəm
21-07-2020, 22:18
 

Şəhidin evini çəkə bilməzsiniz! - VİDEO

 

 
Cəbhə bölgəsində hadisələrin başladığı gündən YPX.AZ olaraq biz də Tovuz rayonuna yollanmışıq. Ordumuza, dövlətimizə dəstək olduğumuzu bildirmişik. Hər gün oxuculara hadisələr barədə doğru, düzgün informasiyalar çatdırmağa, yayılmış yalan, saxta məlumatların qarşısını almağa çalışmışıq.

Şəhid olanların ailələri ilə görüşüb onlar haqqında sujetlər, yazılar hazırlayıb ailələrinin dərdinə ortaq olmağa, onlara əlimizdən gələn qədər dəstək olmağa çalışmışıq. Elə bu səbəbdən də şəhidimizin ailəsinə dəstək olmaq üçün, şəhidimizin getdiyini döyüş yolunu, göstərdiyi şücaətləri geniş kütləyə çatdıra bilmək üçün YPX.AZ kollektivi olaraq Ağstafa rayonuna, Şəhid gizir Vüqar Sadıqovun böyüyüb boya-başa çatdığı evə yollandıq.

Çəkiliş zamanı Ağstafa rayon İcra nümayəndəsi gəlib bildirdi ki, şəhidin evində çəkiliş aparmaq olmaz və bunun üçün icra hakimiyyətindən icazə almaq lazımdır. Təbii ki, heç bir qanunvericilikdə belə hal nəzərdə tutulmayıb və bu ölkə qanunvericiliyinə ziddir. Ancaq biz yenə də Şəhid evində olduğumuzu nəzərə alıb, əlavə söz demədən bir başa İcra hakimiyyətinə yollandıq. Lakin icra hakimiyyətinin ayrı-ayrı nümayəndələri bunu bir-birinin üzərinə atdı. Sonda isə icra hakiminin müavini bildirdi ki, Şəhid ailəsini çəkmək üçün Prezident Aparatından icazə almaq lazımdır. Axı, nə qanunvericilikdə belə hal nəzərdə tutulur, nə də Prezident Aparatından şifahi də olsa belə bir məlumat yayılıb? Bəs onda görəsən bir jurnalist olaraq vəfa borcumuzu yerinə yetirməyə çalışarkən, Şəhidi daha geniş kütləyə tanıdıb onun ailəsinin dərdinə şərik olmaq istəməyimiz Ağstafa rayon icra hakimiyyətini niyə narahat edir?! Nədir onları Prezident Aparatı adından yalan danışmağa məcbur edən?! 

Təbii ki, biz də Şəhidə olan sayğımızdan, əlavə səs-küy yaranmasını istəmədiyimizdən geri qayıdıb çəkilişi davam etmədik. Lakin ümid edirik ki, tezliklə səlahiyyətli şəxslər tərəfindən Prezident Aparatı adından saxta bəyanat verən icra hakimiyyətinin bu qanuna-zidd əməli öz cavabını alacaq, bir daha azad mətbuata bu cür əngəllər törədilməyəcək.