Koronavirusa yoluxaraq vəfat edənlər arasında yüksək vəzifə tutan şəxslər də var.
Onlardan bir neçəsini təqdim edirik.
Koronavirusa yoluxan Ağsu rayon İcra Hakimiyyətinin sabiq başçısı Vahid Tağıyev noyabrın 28-də müalicə aldığı tibb mərkəzində dünyasını dəyişib. O, Bakı şəhəri Binəqədi rayon Qəbirstanlığında torpağa tapşırılıb.
Dekabrın 2-də Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov koronavirusdan vəfat edib. O, 6 yanvar 1958-ci ildə Şəmkir rayonunda anadan olub. 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub və 4 oktyabr 2018-ci il tarixdə Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən bələdiyyə sədri seçilib.
Dekabrın 3-də Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib. Vəfat etməzdən bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb. Ş.Alməmmədova COVID-19 diaqnozu qoyulub.
Dekabrın 4-də isə Bakı şəhəri, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev koronavirusdan dünyasını dəyişib. 57 yaşlı E.Yəhyayev bir neçə gün öncə adıçəkilən virusa yoluxma səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yerləşdirilib və müalicə alırmış. E.Yəhyayevin doğulduğu Sabirabad rayonunda dəfn ediləcəyi bildirilir.
Allah hər birinə rəhmət eləsin!
Mənbə: Yenisabah.az
