"E-Hüquqşünas" məlumat portalı təqdim edilib

Gündəm / Sosial
Bu gün, 11:20
"E-Hüquqşünas" məlumat portalı təqdim edilib


Hüquq və İnsan Haqları İnstitutu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində ərsəyə gətirdiyi yeni elektron platformanı – www.e-huquqshunas.az saytı ictimaiyyətə təqdim edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Konstitusiya Məhkəməsi, Ombudsman Aparatı, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vəkillər Kollegiyası, həmçinin media qurumlarının nümayəndələri iştirak ediblər.

Ölkədə hüquq sahəsində həyata keçirilən genişmiqyaslı islahatlara dəstək məqsədilə yaradılmış bu elektron platformada normativ hüquqi aktlar, qanun layihələri, qanunvericilikdəki yeniliklər, hüquqşünaslarla müsahibələr, hüquq ədəbiyyatı və digər məlumatlar yerləşdirilib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında yeni platformanın əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, "E-Hüquqşünas" layihəsi hüquq sahəsində mövcud olan məlumatların sistemli, dolğun təqdim olunmasına geniş imkanlar yaradacaq.

O qeyd edib ki, müasir dövrün tələblərinə uyğun hazırlanmış bu platforma hüquqi informasiyanın operativ, etibarlı və dolğunluğunu təmin edən innovativ resurs kimi çıxış edəcək: "E-Hüquqşünas" yalnız informasiya platforması deyil, eyni zamanda hüquqi biliklərin vahid məkanda cəmləndiyi müasir intellektual mühitdir".

M.Quluzadənin sözlərinə görə, portalın istifadəyə verilməsi hüquqi məlumatların əlçatanlığının artırılması istiqamətində atılmış mühüm addım olmaqla yanaşı, hüquqşünaslar, dövlət qurumları və bu sahənin mütəxəssisləri arasında məlumat mübadiləsinin daha səmərəli təşkilinə, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və ölkədə hüquqi ekosistemin daha çevik və inteqrasiya olunmuş şəkildə inkişafına güclü təkan verəcək.

Azərbaycan Respublikası Prezidentini Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov isə İnstitutun hüquqi maarifləndirmə sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətləri, eləcə də yaratdığı zəngin hüquqi resursları yüksək qiymətləndirərək vurğulayıb ki, təqdim olunan yeni portal bu təşəbbüslərin məntiqi davamıdır.

A.Poladov əlavə edib ki, belə layihələr hüquqi informasiyanın daha geniş auditoriyaya çatdırılmasını və vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarını genişləndirir.

Qeyd edək ki, portal Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılıb və onun tabeliyində fəaliyyət göstərən Hüquq və İnsan Haqları İnstitutu tərəfindən idarə olunur.

Təqdimat mərasimində iştirakçılara portalın funksionallığı, istifadə imkanları və gələcək inkişaf istiqamətləri barədə məlumat təqdim olunub.