Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev irsi: dövlətçilik və cəmiyyətin inkişafı” mövzusunda konfrans keçirilib

Gündəm / Sosial
Bu gün, 17:30

7 may 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev irsi: dövlətçilik və cəmiyyətin inkişafı” mövzusunda konfrans keçirilib.

 Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Heydər Əliyev və ailə, qadın, uşaq ideologiyası” mövzusunda çıxış edərək bildirib ki, bu gün biz Azərbaycan xalqının taleyində silinməz izlər qoymuş, müasir dövlətçiliyimizin memarı və xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük qürur və sonsuz ehtiram hissi ilə qeyd edirik. Naxçıvanın davamlı inkişafında böyük xidməti olan “Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qayıtmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu hüququmdan heç kəs məhrum edə bilməz”, – deyən Ümummilli Lider Heydər Əliyev ölkəmizə ikinci dəfə hakimiyyətə gəldiyi vaxtlardan etibarən ölkəmizin gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuş, onun rəhbərliyi altında Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, Azərbaycan ailəsi, qadını və uşaqları tarix boyu keçmədikləri yeni inkişaf yolları ilə addımlamağa başlamışdır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycan ailəsinin rifahı, qadın və uşaq hüquqlarının qorunması hər zaman prioritet istiqamət təşkil etmişdir. Hələ hakimiyyətinin ilk illərindən başlayaraq Ulu Öndər bu sahədə fundamental islahatların təməlini qoymuş, milli inkişaf modelinin mərkəzinə ailə dəyərlərini yerləşdirmişdir. Onun bu istiqamətdəki uzaqgörən siyasəti xalqımızın mənəvi genofondunun qorunmasına xidmət edən tarixi bir missiyadır. Heydər Əliyev üçün ailə sadəcə sosial bir vahid deyil, dövlətin sarsılmaz sütunu və milli kimliyin daşıyıcısı idi. O, ailəni dilimizin, dinimizin və çoxəsrlik adət-ənənələrimizin qorunub saxlanıldığı müqəddəs bir ocaq kimi qiymətləndirirdi. Ulu Öndərin şəxsi həyatı və ailə münasibətləri hər bir azərbaycanlı üçün əsl nümunədir. O, ailə daxilində qarşılıqlı hörmətin, böyüyə ehtiramın və məsuliyyət hissinin vacibliyini daim vurğulayır, cəmiyyətin sağlam inkişafını məhz ailənin möhkəmliyində görürdü. O hesab edirdi ki, ailədəki nizam-intizam, qarşılıqlı sevgi və dözümlülük birbaşa bütöv cəmiyyətin və dövlətin inkişaf tempinə təsir göstərir. Ulu Öndərin bizə miras qoyduğu ailə modeli həm milli xüsusiyyətlərimizi, həm də müasir davranış prinsiplərini özündə birləşdirən kamil bir örnəkdir. Həmin dövrdə ailələrin yaşayış standartları dəfələrlə yüksəlmiş, gənc ailələrin rifah halının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilmiş, ailənin qorunması və bütövlüyü qanunvericilikdə öz əksini tapmışdır. Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onlara güzəşt və imtiyazların verilməsi tariximizdə xilaskarımız Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənədir. Komitə sədri qeyd edib ki, təməl prinsipləri Ulu Öndər tərəfindən qoyulan bu siyasət, xüsusən də bu siyasətin prioriteti olan ailə, qadın və uşaqların sosial problemlərinin həlli, təhsili, sağlamlıqlarının qorunması, cəmiyyətə layiqli insan kapitalının yetişdirilib təqdim olunması məsələləri ilə bağlı ötən müddət ərzində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də məqsədyönlü və uğurlu işlər görülmüş, əhəmiyyətli normativ-hüquqi aktlar qəbul olunmuşdur. Bunlardan biri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”dır. Müvafiq dövlət proqramında sosial sahələrin inkişafı ilə bağlı bir çox layihələrin icrası nəzərdə tutulub ki, bu da muxtar respublikada ailə, qadın və uşaq məsələlərinin həll olunmasına yaradılan şəraitin, eyni zamanda onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, inkişaf və tərəqqi xətti bu gün də xalqımızın yoluna nur saçır, gələcəyimizi müəyyənləşdirir. Tədbirdə çıxış edən YAP Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva “Heydər Əliyev siyasəti və Yeni Azərbaycan Partiyasında qadınların təmsilçiliyi” mövzusunda danışıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası bu gün regionun ən güclü siyasi təşkilatlarından biri kimi çıxış edir. Partiyanın sıralarının genişlənməsi, gənclərin və qadınların daha fəal cəlb olunması, müasir idarəetmə mexanizmlərinin tətbiqi Yeni Azərbaycan Partiyasının dinamik inkişafının göstəricisidir. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzangül Orucova çıxış edərək “Milli inkişaf strategiyasının əsasında duran Heydər Əliyev ideyaları” mövzusunda danışıb. Bildirib ki, müasir Azərbaycan tarixinin əsas inkişaf və yüksəliş mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi tariximizə qızıl hərflərlə yazılıb. Ulu Öndər Heydər Əliyevin həyatının mənası Azərbaycanın inkişafı və tərəqqisi olub. Ümummilli Liderin respublikamıza rəhbərliyi dövründə xalqın əsrlərlə arzuladığı ideyalar gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuş, dövlətçiliyin ideoloji-siyasi əsasları və müstəqillik konsepsiyası formalaşdırılmışdır. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin IV kurs  tələbəsi Hüsniyyə Cəbrayılova “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi ” mövzusunda çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri daim dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edib, onların hərtərəfli inkişafı üçün mühüm addımlar atıb. Qeyd olunub ki, bu siyasətin əsas məqsədi savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı və müasir dünyagörüşlü gənclər yetişdirmək olub. Sonda Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi və mədəni irsini əks etdirən videoçarx nümayiş olunub, Naxçıvan şəhər 7 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında şeirlər səsləndirilib. Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində istehsalat təcrübəsi keçən tələbələrin və gənclərin iştirakı ilə baş tutub.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti