Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 6-ya ÇATDI

Gündəm / Sosial
27-12-2021, 19:14
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 6-ya ÇATDI
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə iclası davam edib. Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında deputata 3 il 6 ay müdəttinə hökm oxunub. 

Bununla da Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib.

"Unikal"ın məlumatına görə, parlamentdə boş qalan deputat yerlərinin sayı 6-ya çatıb.

E.Səlimov 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı idi.

Qeyd edək ki, ötən ilin fevralında baş tutmuş parlamentin növbədənkənar seçkilərindən sonra 4 dairə üzrə yerlər boş qalıb. Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib.

Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi -  (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə). 

Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov ötən ilin avqustunda dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.