Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidentinə və üçqat dünya çempionuna hökm oxunub
Sosial
Bu gün, 16:03

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının döyüş sambosu üzrə sabiq vitse-prezidenti, hazırda həbsdə olan Səbuhi Rəcəb və Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Səbuhi Rəcəbin əvvəlki cəzası hesablanmaqla ona qəti olaraq 8 il 2 ay müdətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Elman Mirzəyevə isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəzlənib.
Dövlət ittihamçısı Səbuhi Rəcəbin 10 il, Elman Mirzəyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ümumilikdə 1 milyon manatlıq dələduzluqda ittiham edilib.
Xatırladaq ki, Səbuhi Rəcəb 2014-2015-ci illərdə isə Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə vitse-prezidenti, 2018-ci ildən isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti olub. 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
2023-cü ildə dələduzluqda ittiham olunan S.Rəcəb Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib