Sumqayıtda sakinlərlə yerlərdə görüşlər keçirilir

Gündəm / Sosial
Bu gün, 13:51


Sumqayıt şəhərində vətəndaş məmnunluğunun artırılması, sakinləri narahat edən məsələlərin yerində araşdırılması və operativ həllinin təmin edilməsi məqsədilə növbəti səyyar görüş keçirilib. Şəhərin nümunəvi məhəllələrindən birində təşkil olunan görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və sakinlər iştirak ediblər.

Görüşün əsas məqsədi vətəndaşların müraciətlərini birbaşa dinləmək, onları narahat edən problemlərlə yaxından tanış olmaq, mövcud məsələlərin həlli istiqamətində operativ tədbirlər görmək və sakinlərlə açıq dialoq şəraitində fikir mübadiləsi aparmaq olub.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, son illər şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq layihələri Sumqayıtın simasını tamamilə dəyişib. Onun sözlərinə görə, müasir parkların, istirahət guşələrinin, nümunəvi məhəllələrin yaradılması, yolların və piyada səkilərinin yenilənməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi şəhər sakinlərinin rahatlığının təmin olunmasına xidmət edir.

Qeyd olunub ki, nümunəvi məhəllələrin yaradılması yalnız ərazilərin abadlaşdırılması ilə məhdudlaşmır. Bu layihələr insanların rahat istirahəti, uşaqların təhlükəsiz oyun imkanlarının genişləndirilməsi, yaşlı nəslin asudə vaxtının səmərəli təşkili və şəhərdə daha sağlam ictimai mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Teymur Səmədov vurğulayıb ki, şəhər rəhbərliyinin əsas fəaliyyət istiqamətlərindən biri sakinlərlə mütəmadi görüşlərin keçirilməsi, onların rəy və təkliflərinin öyrənilməsi, qaldırılan məsələlərin nəzarətdə saxlanılması və mümkün qədər qısa müddətdə həll olunmasıdır. Bu baxımdan keçirilən səyyar görüşlər vətəndaşlarla dövlət qurumları arasında səmərəli ünsiyyətin qurulmasına mühüm töhfə verir.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov çıxışında bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin yerində dinlənilməsi şəhər rəhbərliyinin fəaliyyətində mühüm yer tutur. O qeyd edib ki, mütəmadi olaraq keçirilən səyyar görüşlər sakinləri narahat edən məsələlərin daha operativ müəyyənləşdirilməsinə, problemlərin həlli istiqamətində çevik qərarların qəbul olunmasına və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Fərid Ələkbərov vurğulayıb ki, Sumqayıt şəhərində həyata keçirilən bütün layihələrin mərkəzində vətəndaş məmnunluğunun təmin olunması dayanır və bu istiqamətdə sakinlərin rəy və təklifləri daim nəzərə alınır. Onun sözlərinə görə, şəhərin sosial-iqtisadi inkişafı ilə yanaşı, insanların gündəlik qayğılarının həlli və rahat yaşayış mühitinin formalaşdırılması da prioritet məsələlərdəndir.

Daha sonra çıxış edən Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov cəmiyyətdə ağsaqqalların rolundan danışıb. Bildirib ki, ağsaqqallar daim sakinlərlə sıx təmasda olur, onların problem və qayğılarını dinləyir, ictimai həmrəyliyin möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində fəal fəaliyyət göstərirlər.

Eldar İsmayılov qeyd edib ki, belə görüşlər vətəndaşlarla birbaşa ünsiyyət üçün geniş imkan yaradır, qaldırılan məsələlərin operativ şəkildə aidiyyəti qurumlara çatdırılmasına və onların həlli istiqamətində çevik qərarların qəbul edilməsinə şərait yaradır.

Görüş zamanı sakinlər çıxış edərək şəhərdə son illər həyata keçirilən abadlıq və quruculuq işlərini yüksək qiymətləndiriblər. Onlar yaşayış məhəllələrinin yenilənməsi, həyətlərin abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi, yeni istirahət məkanlarının yaradılması və infrastruktur layihələrinin icrasına görə minnətdarlıqlarını ifadə ediblər.

Bununla yanaşı, sakinlər yaşadıqları ərazilərdə mövcud olan bəzi sosial və kommunal məsələləri də diqqətə çatdırıblar. Qaldırılan müraciətlər aidiyyəti üzrə qeydiyyata alınıb, bir sıra məsələlər isə məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq operativ şəkildə öz həllini tapıb.

Səsləndirilən digər təklif və müraciətlərin də icrası nəzarətə götürülüb və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Sonda sakinlər göstərilən diqqət və qayğıya, onların müraciətlərinin dinlənilməsinə və problemlərinin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu cür görüşlər vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə, mövcud problemlərin vaxtında müəyyən edilərək həllinə və şəhərin sosial inkişafına mühüm töhfə verir.