Ermənistan ictimaiyyətinə sual: “Qərbi azərbaycanlılar niyə öz yurdlarında deyillər?” – Müsahibə

Sosial
Bu gün, 20:43


Son günlər erməni sosial şəbəkə seqmentində və bəzi media resurslarında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı yayılan paylaşımlara nəzər salanda insan istər-istəməz bir sual qarşısında qalır: niyə otuz ildən artıq müddətdə yaşananları unutdurmağa çalışanlar bu gün Azərbaycanın öz ərazisində baş verənləri görməkdən belə narahatdırlar?

Diplomatların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri Ermənistan cəmiyyətinin müəyyən dairələrində yenidən eyni ritorikanı, eyni saxta tezisləri, eyni “artsax” nostalgiyasını üzə çıxarıb. Sanki zaman dayanıb, 2020-ci ildən sonra yaranmış yeni reallıq mövcud deyil. Halbuki artıq reallıq başqadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının mətbuat katibi Lamiyə Rövşənqızı söyləyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren ərazisidir və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin bu ərazilərə səfəri tamamilə qanuni və təbii haldır: “Amma məsələ yalnız diplomatların səfərinə verilən reaksiyadan ibarət deyil. Məsələ ondadır ki, həmin reaksiyalarda yenə tarixin birtərəfli təqdim olunması, faktların seçilərək istifadə edilməsi, Azərbaycan xalqının tarixi və mədəni irsinin görməzdən gəlinməsi cəhdlərini müşahidə edirik. Daha doğrusu illərdir təbliğ edilən saxta təsəvvürlər yeni formada yenidən ictimai dövriyyəyə buraxılır. Bu dəfə də sosial şəbəkələrdə bizə tanış olan bir sual ortaya atılıb: “Burada minilliklər boyu yaşamış yerli sakinlər haradadır?” Bu sualı Narine Gabrielyan adlı erməni istifadəçi Azərbaycana səfər edən diplomatlara ünvanlayıb. Mən isə həmin sualı başqa bir sualla cavablandırmaq istəyirəm: Ermənistan ictimaiyyəti, bəs Qərbi azərbaycanlılar haradadır? Niyə onlar öz doğma evlərində deyil? Niyə yüz minlərlə insan doğulduğu torpağa qayıda bilmir? Niyə özünü “yerli sakinlər” mövzusunun müdafiəçisi kimi təqdim edənlər bu insanların taleyindən danışmaq istəmirlər? Mən bu sualları kənardan müşahidə edən biri kimi vermirəm. Mən Qərbi Azərbaycanda doğulmuşam. Mən öz doğma torpağımdan didərgin salınmışam. Bu gün mən hələ də öz evimə gedə bilmirəm. Ona görə də “yerli sakinlər haradadır?” sualının nə demək olduğunu çox yaxşı bilirəm. Bu sual mənim üçün sosial şəbəkə paylaşımı deyil. Bu sual mənim uşaqlığımdır, mənim doğulduğum kənddir, mənim ailəmin yaddaşıdır, mənim gedə bilmədiyim yurdumdur. Əgər həqiqətən bu sualın cavabını axtarmaq istəyirsinizsə, onda gəlin, yalnız Qarabağ haqqında deyil, bütövlükdə regionun tarixi haqqında danışaq. Gəlin, təkcə bir xalqın harada yaşadığını deyil, kimlərin hansı torpaqlardan niyə didərgin salındığını da soruşaq. Çünki həqiqəti yalnız istədiyimiz hissəsindən danışaraq bütöv tarix yaratmaq mümkün deyil. Qarabağda ermənilərin “minilliklər boyu” fasiləsiz və müstəsna şəkildə yaşaması iddiası da məhz bu baxımdan ciddi suallar doğurur. Tarixi mürəkkəbliyi bir neçə sözlə silmək, müxtəlif dövrləri bir-birinin üzərinə yığaraq müasir siyasi iddialara tarixi don geyindirmək tarixə münasibət deyil. Biz öz tariximizi belə “qədimiləşdirmirik”. Biz əsrləri, minillikləri bir-birinin üstünə yığıb saxta qədimlik yaratmağa ehtiyac duymuruq. Çünki bizim sübutlarımız var. Kitablarda, arxivlərdə, xəritələrdə, yer adlarında, qəbiristanlıqlarda, məscidlərdə, tarixi yaşayış məntəqələrində, maddi mədəniyyət nümunələrində və ən əsası, hələ də həmin torpaqların yaddaşında yaşayan insanların xatirələrində. Bu izlərin böyük hissəsi indiki Ermənistan ərazisindədir. Ona görə də sosial şəbəkələrdə hər dəfə eyni sualın qarşısına eyni səthi cavablarla çıxmaq niyyətində deyilik. Çünki söhbət, sadəcə, bir istifadəçinin paylaşımından getmir. Söhbət bütöv bir tarixi yaddaşın necə təqdim edilməsindən gedir. İnsanların gözünə kül üfürmək olar, amma tarixi dəyişmək olmaz. Saxta narrativi yüz dəfə təkrarlamaq olar, amma bu, onu sənədə, arxivə, fakta çevirmir”,

R.Rövşənqızı, həmçinin əlavə edib: “Biz Qərbi azərbaycanlıların öz doğma yurdlarından necə didərgin salındığını, hansı kəndlərin boşaldıldığını, hansı qəbiristanlıqların dağıdıldığını, hansı məzarların yer üzündən silindiyini, hansı məscidlərin və tarixi abidələrin məhv edildiyini, Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki tarixi-mədəni izlərinin hansı aqibətlə üzləşdiyini bütün miqyası ilə ortaya qoymamışıq. Amma lazım gəlsə, qoyacağıq. Əgər Ermənistan ictimaiyyəti həqiqətən tarixdən danışmaq istəyirsə, biz də hazırıq. Arxivləri araşdırmağa, xəritələri açmağa, yer adlarını müqayisə etməyə, qəbiristanlıqlara baxmağa hazırıq. Tarixi abidələri birlikdə araşdırmağa hazırıq. Ən əsası isə doğulduğu torpağa qayıda bilməyən insanların hekayəsini dinləməyə hazırıq. Çünki tarix yalnız daşlarda deyil, insanların yaddaşında da yaşayır. Mənim yaddaşımda isə həmin torpaq hələ də yaşayır. Mən orada doğulmuşam. Mən oradan didərgin salınmışam. Mən hələ də öz evimə qayıda bilməmişəm. Ona görə mənim üçün Qərbi Azərbaycan məsələsi hansısa siyasi şüar deyil. Bu, yarımçıq qalmış bir həyat hekayəsidir. Elə buna görə də Ermənistan ictimaiyyətinə veriləcək ən sadə sual budur: Əgər “yerli” sakinlər haradadırlar?” deyə soruşursunuzsa, onda əvvəlcə Qərbi azərbaycanlıların niyə öz yurdlarında olmadıqlarını izah edin. Sonra Qarabağ haqqında danışarıq. Sonra tarix, mədəni irs haqqında danışarıq. Əgər həqiqətən cəsarətiniz varsa, bütün bunları birlikdə araşdıraq. Çünki bizdən tariximizi göstərməyi istəyirsinizsə, göstərəcəyik. Amma onda yalnız sizin danışdığınız tarix yox, bizim yaşadığımız tarix də dinləniləcək. Bu tarixdə öz doğma evinə hələ də qayıda bilməyən yüz minlərlə insanın səsi var”.