Sumqayıtda yeni park istifadəyə verildi

Sosial
Bu gün, 21:52

Sumqayıt şəhərində həyata keçirilən abadlıq və yaşıllaşdırma layihələri çərçivəsində daha bir nümunəvi istirahət məkanı sakinlərin istifadəsinə verilib. Şəhərin Yaşıldərə yaşayış massivində, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev adına olan küçədə yeni salınmış Bələdiyyə Parkının açılış mərasimi keçirilib.
Açılış tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə və müəssisə rəhbərləri, bələdiyyə qulluqçuları və sakinlər iştirak ediblər.
Şəhər rəhbərinə məlumat verilib ki, 2 ay ərzində yaradılan parkın ümumi sahəsi 3 min kvadrat metrdir. Layihə çərçivəsində ərazidə geniş abadlıq və yenidənqurma işləri həyata keçirilib. Belə ki, 915 kvadrat metr sahədə yaşıl qazon salınıb, 1375 kvadrat metr əraziyə tamet döşənərək piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunub. Bundan başqa, uşaqların əyləncəsi və asudə vaxtının səmərəli təşkili məqsədilə 475 kvadrat metr hissədə xüsusi oyun və əyləncə zonası yaradılıb.
Parkın yaşıllıq zolağında 200 ədəd eldar şamı ağacı, 500 ədəd müxtəlif növ dekorativ kol bitkisi və 1000 ədəd mövsümi gül əkilib. Ərazidə sakinlərin istirahəti üçün 30 ədəd müasir oturacaq quraşdırılıb, gecə saatlarında parkın işıqlandırılması məqsədilə 15 ədəd işıq dirəyi istifadəyə verilib.
Qeyd olunub ki, yeni parkın salınması Yaşıldərə yaşayış massivində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması və sakinlərin rahat istirahətinin təmin olunması istiqamətində həyata keçirilən mühüm layihələrdən biridir.
Zakir Fərəcov görülən işlərdən razılığını ifadə edərək bildirib ki, şəhərin bütün yaşayış məntəqələrində abadlıq, quruculuq və yaşıllaşdırma işləri mərhələli şəkildə davam etdiriləcək.
Tədbirdə çıxış edənlər bildiriblər ki, şəhərin müxtəlif ərazilərində həyata keçirilən abadlıq və quruculuq işləri Sumqayıtın simasının daha da gözəlləşməsinə, sakinlərin rahatlığının təmin olunmasına xidmət edir. Xüsusilə yaşayış massivlərində yeni park və istirahət məkanlarının yaradılması uşaqların, gənclərin və ailələrin asudə vaxtının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Sakinlər isə yaradılan yeni parkın əraziyə xüsusi gözəllik bəxş etdiyini vurğulayaraq, burada uşaqlar və ailələr üçün müasir istirahət şəraitinin yaradılmasını yüksək qiymətləndiriblər. Onlar həyata keçirilən layihəyə görə minnətdarlıqlarını ifadə edib, belə sosial yönümlü təşəbbüslərin şəhərin digər ərazilərində də davam etdirilməsini arzuladıqlarını bildiriblər.